NASA’nı Ayın ətrafına göndərdiyi astronavtların şəkillər çəkib göndərməsindən sonra düz dünya məsələsi haqda yenidən müzakirələr başlayıb. Məsələnin elmi tərəfi bir kənara, bəziləri bu məsələdə dini əsaslarla çıxış edirlər.
Qeyd etmək lazımdır ki, islam alimləri dəfələrlə yerin kürə formasında olması haqda alimlər arasında icma (konsensus – fikir birliyi) olması haqda çoxsaylı nəqllər ediblər. Misalçün, XIV əsrdə yaşamış İbn Teymiyyə Yerin kürə şəklində olduğu haqda icma (konsensus) olmasını nəql edir – “Alimlər arasında belə bir ittifaq (icma) var ki, Yer, quruda və dənizdə bütün hərəkətləri ilə birlikdə bir top kimidir.”[1] Belə bir icmanın olması İbn Həzm[2] (XI əsr), Əbul Fərəc İbn əl-Cövzi[3] (XII əsr) və s. kimi alimlər tərəfindən də dəstəklənmişdir; bu alimlər də Yerin kürə formasında olması barədə alimlər arasında fikir birliyi olduğunu bildiriblər.
Kəlam ekolundan əl-Cüveyni (XI əsr) də Yerin kürə şəklində (qarpız formasında) olduğunu deyirdi[4]. Bu mövzuda bəlkə də ən diqqətəlayiq fikri isə əl-Cüveyni’nin tələbəsi əl-Qəzali (1058-1111) bildirib. əl-Qəzali filosoflara rəddiyə olaraq yazdığı “Filosofların tutarsızlığı” (Təhafut ul’Fələsifə) əsərində filosoflarla (filosofların o dövrün elm adamlarını təmsil etdiyini nəzərə alın) aralarında olan ixtilaflara keçməzdən əvvəl kitabın müqəddiməsində belə deyir:
“İkinci hissəyə gəlincə, Onların bu məsələdəki məzhəbləri (fikirləri) heç bir halda dini əsaslarla ziddiyyət təşkil etmir və bu mövzuda onlarla mübahisə etmək Peyğəmbərlərin və Rəsulların – onlara Allahın salavatı və salamı olsun – razılığı üçün vacib məsələ deyil: Ay tutulması Yerin günəş və ayın arasına girdiyi zaman ayın işığının yox olmasından ibarətdir. Çünki o, işığını günəşdən alır. Yer kürə şəklindədir. Göy onu hər tərəfdən əhatə edir. Ay yerin kölgəsinə düşəndə günəş işığı ondan kəsilir. Və bu sözlər kimi: Günəş tutulmasının mənası; O, müşahidəçi ilə günəş arasında gələn ayın dairəsindən ibarətdir. Bunun səbəbi hər ikisinin eyni nöqtədə birləşməsidir.
Biz bu kimi yanaşmaları təkzib etməyə cəhd etməyəcəyik, çünki onun bizim məqsədimizlə heç bir əlaqəsi yoxdur. Kim belə bir nəzəriyyəni təkzib etmək üçün mübahisəyə girməyi dini bir vəzifə hesab edərsə, dinə zərər verir və onu zəiflədir. Çünki bu məsələlər heç bir şübhəyə yer qoymayan həndəsi və arifmetik nümunələrə əsaslanır. Bu məsələlərdən xəbəri olan və onların dəlillərini araşdıran, Ay və Günəş tutulmalarının vaxtları və miqdarları, işıqlanana qədər nə qədər davam edəcəyi barədə məlumat verən şəxsə: “Bu, dinə ziddir” deyilsə, o şəxs bunlarda şübhəyə düşməz, əksinə dində şübhəyə düşər. Dinə dinə uyğun olmayan yolla kömək istəyən şəxsin vurduğu zərər, ona din ilə zərbə vurmaq istəyənin vuracağı zərərdən daha çoxdur. Necə deyərlər, “Ağıllı düşmən cahil dostdan yaxşıdır””[5]
Əl-Qəzalinin verdiyi nümunələrə diqqət edin, nümunələrdən biri məhz Yerin kürə şəklində olmasıdır. Əl-Qəzaliyə görə, bu kimi məsələlər heç bir şübhəyə yer qoymayan həndəsi və arifmetik nümunələrə əsaslanır və onları dini əsaslarla inkar etmək, bu mövzularda mübahisə etmək dinə zərər verir və onu zəiflədir…
[1] İbn Teymiyyə, (2004). “Məcmu’ əl’Fətəva” Mədinə: Səudiyyə Ərəbistanı İslam İşləri Nazirliyi, Dəvət və İrşad, cild. 25, səh. 195.
[2] İbn Həzm, (1996) “əl-Faslu fil-Miləl val-Əhva van-Nihəl”, 2/241-242; Darul-Cil, Beyrut
[3] İbn Əl-Cövzi, (1995) “Tarixul-Müluk və əl-Ümam”. Beyrut: Darul-Kutub əl-‘İlmiyyə, cild. 1, səh. 184.
[4] əl-Cuveyni, (1998). “Risalə fi İsbətul-İstiva və əl-Fövqiyyə” Riyad: Darul Tuveyq, səh. 81-82.
[5] əl-Qəzali, (2007). “Təhafut əl-Fəlasifə” Qahirə: Darul-Maarif, səh. 80.
