Risklərin idarə edilməsi və xüsusilə iş adamları üçün keçdiyim təlimlərdə işgüzar əməkdaşlıqlar və əlaqələrin qurulması zamanı xarici iş adamlarının hansı millətdən olmasının nəzərə alınmasının vacibliyini qeyd edirəm. Sonra müxtəlif millətlərdən olan iş adamlarının işgüzar əlaqələr, müqavilələrin imzalanması, şəriklik, layihələrə investisiyaların cəlbi zamanı müxtəlif yanaşmalarını müxtəlif nümunə və vəziyyətlərlə müzakirə edirik.
Yəni, şəriklik, layihələrə investisiya cəlbi, əməkdaşlıq üçün bir amerikan iş adamı ilə danışma tərzi və yanaşmalarını bir alman və ya yapon iş adamı ilə danışıqlar zamanı tətbiq etmək olmaz. Əks effekt verər. Və yaxud, hansı millətdən olan iş adamları ilə danışıqlar zamanı hansı hərəkətləri etmək həmin əməkdaşlığın pozulması üçün kifayətdir kimi məsələləri müzakirə edirik. Təlimlərdə ən çox verilən suallardan biri də yüksək səviyyəli danışıqlarda belə səhvlər buraxılırmı sualıdır.
Trump Yaponiyanın Baş Nazirini qəbul edərkən həmin səhvləri buraxdı. Yaponlar üçün həm şəxsi, həm də biznes həyatında prioritet olan əsas məsələlərdən biri sadəlik, digəri isə qürurdur. Qürur məsələsində yaponlar (yaş, cins, sosial status, peşə və maddi vəziyyətdən asılı olmayaraq) haqqında o qədər misallar var ki, danışmağa başlasam bəlkə bir kitab yazılar.
Yapon Baş Nazirinin mütəvazi, susqun və əfəndi davranışları (Yaponiyanın bütün Baş Nazirlərinin davranışlarını göz önünə gətirsək dediklərimi bir daha təsdiq edərik) qarşılığında mənəm-mənəmlik və Yaponiyanı jurnalistlərin və bütün dünyanın qarşısında aşağılamaq ən böyük ciddi səhv idi. Bununla da Trump Yaponiyanı itirdi. Yaponların reaksiyalarını, Baş Nazirinin qərarını və sair müzakirə etmirəm və demirəm. Bir kəlmə ilə deyirəm ki, Trump ən önəmli müttəfiqini itirdi. (dövlət olaraq ABŞ-ni demirəm, Prezident olaraq Trumpı deyirəm).
Dəfələrlə qeyd etdiyim kimi, Trump biznesmendir, iqtisadçı deyil. Böyük fərq var. Əlavə edim ki, Trump Prezidentdir, qismən siyasətçidir, lakin diplomat deyil.
Yeri gəlmişkən, əsl diplomat ilə iqtisadi düşüncə tərzinə sahib olan əsl iqtisadçını birləşdirən ən böyük ortaq cəhət budur: hər ikisi bir hadisəyə müxtəlif prizmalardan və maraq dairələrini nəzərə alaraq baxırlar. Hər ikisi təkcə qazan/qazan (win/win) yanaşmasını sərgiləmirlər. Onlar qazan/qazan/qazan/qazan (win/win/win/win) yanaşmasının tətbiqi üçün bütün tərəflər üçün məqbul olan ortaq nöqtəni axtarıb tapmağa çalışırlar.
P.S. Amma, bir dəfə qeyd etdiyim kimi, Trump mövcud şəraitdə və zaman kəsiyində tələb olunan layihələrin icrası üçün xarakter və yanaşma baxımından ən uyğun Prezidentdir. Bu isə başqa məsələdir. Amerikanın bu oyunun tərkib hissəsinə çevrilməsi üçün müttəfiqlərindən uzaqlaşması lazımdır… və sair.. və ilaxır…
