İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və “Bəsic” komandanı, general Qulamhüseyn Süleymanindən sonra “Ettelaat” (Kəşfiyyat və Milli Təhlükəsizlik Nazirliyi) rəhbəri İsmayıl Xətib də öldürüldü.
Bunu hazırkı müharibədə İranın siyasi və hərbi rəhbərliyinə daxil olan yüksək vəzifəli şəxslərin aradan götürülməsində ikinci dalğa hesab etmək olar.
Ə.Laricani ölkəni faktiki olaraq idarə edən nüfuzlu siyasətçi və sistem içərisində birləşdirici fiqurlardan biriydi. Ayətullah Xameneidən sonra onun da ləğvi şübhəsiz ki, sistemdaxili konsensus və rejimin davamlılığının təmin edilməsi məsələsində ciddi problemlər yaradacaq. “İranda sistem saat kimi işləyir, şəxslərdən asılı deyil” fikri illüziyadır. Əlbəttə ki, nominal olaraq hər an istənilən vəzifəyə adam tapıb təyin etmək mümkündür, 90 milyonluq ölkədə bir posta minlərlə, on minlərlə, hətta yüz minlərlə namizəd də müəyyənləşdirmək olar. Lakin Xamenei, Laricani kimi təcrübəli dövlət xadimlərini və inqilab liderlərini qısa müddətdə layiqincə əvəz etmək imkansızdır. Həmçinin illər, onillər boyu iyerarxik pillələri addım-addım qalxmış yüksək rütbəli hərbçiləri və siyasətçiləri də keyfiyyət etibarilə əvəzləmək çətindir.
İranda az qala hər gün dəstə-dəstə adamlar “Mossad” agenti adı ilə edam edilir. Lakin son hadisələr İsrailin İranın içindən, hətta rejimin tam qəlbindən səhih və müfəssəl kəşfiyyat məlumatları əldə etməyə davam etdiyini bir daha göstərir. Rejimin qorunmasına məsul olan kəşfiyyat rəhbəri heç özünü qoruya bilmir. (“Onlar hamısı şəhid olmağı arzulayır, bu səbəbdən gizlənmirlər” hekayəsinə yəqin ki, inanmırsız).
Belə vəziyyətdə müharibənin uzanması hər nə qədər ABŞ-a sərf eləməsə də, İran üçün daha naxoş perspektivlər vəd edir. (ABŞ şist sənayesinin gəlirlərinin artması baxımından əslində ABŞ-a faydası da var). Anlaşma olmaması İsrailə imkan verir ki, İranın siyasi-hərbi rəhbərliyini və ölkə içərisində istədiyi digər nöqtələri hədəf almağa davam etsin. Dövlət öz idarəçilərini qoruya bilmirsə və onlar hər an öldürülə bilərsə, eləcə də hava hücumundan müdafiənin yetərsizliyi səbəbi ilə hava məkanı düşmənə demək olar ki, açıqdırsa, belə şəraitdə ölkə necə toparlana bilər? Bu durumda müharibənin ən aşağı intensivliklə də olsa, davam etməsi İranın deqradasiyasını sürətləndirəcək.
Uzanan müharibə həm də tərəflərin daha da çirkinləşməsi və əvvəl hər hansı səbəbdən keçmədikləri qırmızı xətləri tapdalamaları ehtimalını artırır. Bu gün İsrailin dünyanın ən böyük təbii qaz strukturu olan “Cənubi Pars”a zərbə endirməsi təhlükəli siqnaldır. İran neftinin ixracının həyata keçirildiyi Xarq adasındakı infrastrukturun vurulmayacağına da heç bir təminat yoxdur. Enerji infrastrukturu sıradan çıxarılarsa, İran iqtisadiyyatı kollapsa girər, bu isə ona gətirib çıxarar ki, dövlət maaşları da ödəmək imkanından məhrum olar. Nəticədə məmurlar da narazıların sırasına qoşular. Bu, İsrailin elan etməsə də, reallaşdırmağa çalışdığı çöküş ssenarisidir.
İran rəhbərliyində rasional düşüncəsini itirməmiş adamlar diplomatiyaya fürsət yaratmalı və ABŞ-la anlaşmanın yolunu tapmalıdır. Cəlali, Rezai kimilərini önə çıxarmaq onları da hədəfə çevirməkdən başqa heç nəyə yaramayacaq. İsrailə indiki situasiya sərf edir, çünki bu yol İranın “failed state” (süquta uğramış dövlət) halına düşməsini şərtləndirir. Bu səbəbdən SEPAH radikallarının irrasional siyasətinin İsraildə məmnunluqla qarşılandığına şübhə yoxdur.
