İranda başlayan müharibə körfəz ölkələri üçün, eləcə də, neft idxal edən ölkələr üçün əsil problemə çevrilib və bu problemin çözülməməsi hər gün daha böyük sorunlara yol açır. Çoxsaylı raket, dron hücumları nəticəsində xeyli insan tələfatı və dağıntılarla yanaşı, neftin qiymətində baş verən sıçrayış Avropa ölkələri, həmçinin, Çin və Hindistan üçün də əlavə xərclər deməkdir. Eyni zamanda, böyük neft ehtiyatına malik ərəb ölkələri də gözləmədikləri itkilərlə qarşılaşıblar. Bütün bu problemləri yaradan isə ilk növbədə İranın “Şahed” dronlarıdır. Məsələ ondadır ki, hələ bu müharibəyə qədər ərəb ölkələri xeyli sayda “Patriot” HHM sistemləri əldə etmişdilər və bu səbəbdən də İrandan atılacaq raketləri zərərsizləşdirəcəklərini düşünürdülər. Amma İran müharibənin ilk günlərində xeyli sayda raket zərbələrindən istifadə etsə də, sonradan əsas üstünlük dronlara verildi ki, bu da körfəz ölkələrinin bu silah qarşısında nə qədər zəif olduqlarını üzə çıxardı. Çünki qiyməti 20 000 dollar olan dronu bundan 150 dəfə baha olan raketlə vurmaq “sərçəni top gülləsi ilə vurmaq” kimi mənasız bir işdir. Xüsusən o səbəbdən ki, İranda bu dronları sayı minlərlədir. Ona görə də ərəb ölkələri tez bir zamanda anti-dron vasitələr əldə etmək barədə düşünməli oldular və bu işdə ağıla gələn ilk ölkə Ukrayna oldu. Bəs, Ukrayna dronlarının özəlliyi nədədir? Ukraynanın dron istehsalı prosesinə nəzər saldıqda heyrətlənməmək olmur.
Printerdə çap edilən dronlar
Ukraynada dronların sürətlə təkmilləşdirilməsi (bəzən 1–2 həftəlik dövrlərlə yeni modifikasiyalar) əsasən çevik mühəndislik və “rapid prototyping” modeli ilə aparılır. Bu proses klassik hərbi-sənaye layihələrindən daha qısadır və adətən bir neçə mərhələdən keçir.
1. Döyüş təcrübəsinin toplanması
Əvvəlcə cəbhədən məlumat gəlir. Məsələn, dronun radio siqnalı boğulur, uçuş məsafəsi azdır, kamera gecə zəif görür, düşmən elektron mübarizə (EW) tətbiq edir və s. Bu məlumatları hərbçilər, operatorlar, texniki qruplar birbaşa mühəndislərə göndərirlər.
2. Problemin texniki analizi
Mühəndislər problemi analiz edirlər: radio tezliyi dəyişdirilməlidirmi, daha güclü antena lazımdırmı, başqa motor və ya batareya lazımdır, süni intellekt və ya avtopilot əlavə olunmalıdırmı və s? Bu mərhələdə texniki həll variantları hazırlanır.
3. Dizayn və modelləşdirmə
Sonra yeni versiya kompüterdə hazırlanır. 3D model (CAD) hazırlanır, aerodinamika yoxlanılır, komponentlər seçilir, proqram təminatı yazılır. Bəzən dəyişiklik çox kiçik olur: yeni antenna, yeni kamera, fərqli proqram təminatı.
4. Prototipin hazırlanması
Sonra ilk fiziki model (prototip) hazırlanır. Bu mərhələdə istifadə olunur: 3D printerlər, karbon və plastik korpus, hazır dron komponentləri (motor, ESC, flight controller). Bu mərhələ bəzən 1–3 gün çəkir. Bundan sonra Prototip real şəraitdə yoxlanılır. Uğursuzluqlar bu mərhələdə aşkar olunur. Əgər problem çıxarsa, proqram yenilənir, antena dəyişdirilir, çəkisi azaldılır, uçuş alqoritmi dəyişdirilir. Bəzən bir neçə mini-versiya hazırlanır.
5. Kiçik seriya istehsalı
Prototip uğurlu olarsa, 10–100 ədəd kiçik partiya hazırlanır, müəyyən bölmələrə verilir, real döyüş şəraitində istifadə olunur. Döyüşdən yeni məlumatın alınmasından sonra yenidən operator rəyləri, itkilər, uçuş nəticələri ilə mühəndislərə qayıdır. Beləliklə, yeni modifikasiya dövrü başlayır. Bəs, niyə proses bu qədər sürətlidir? Bunun səbəbləri: dronların çoxu modul sistemdir, kommersiya komponentləri istifadə olunur, 3D çap və sürətli prototipləşdirmə var, mühəndislərlə operatorlar birbaşa əlaqədədir, klassik bürokratiya azdır. Bütün bu proses cəmi 10-14 gün çəkir.
Məlum olur ki, hələ ötən ilin aprelində Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampa birgə dron istehsalı ilə bağlı müraciət etmiş, o da bu işi kimlərəsə tapşırmışdı. Amma hər şeydə gəlir güdən Tramp komandası bu işi əhəmiyyətsiz hesab edərək, təklifdən imtina etmişdi. İndi isə amirikalılar özləri Ukraynaya müraciər edərək, birgə istehsal təklif edirlər. Bununla yanaşı, ərəb ölkələrinin də Ukraynalı mütəxəssislərə yaranan ehtiyacı bu ölkənin şanslarını xeyli artırmış oldu. İndi böyük maliyyə ehtiyatlarına malik ərəb ölkələri ilə əməkdaşlıq Ukraynanın maliyyə problemlərinin çözülməsində əhəmiyyətli rol oynaya bilər. Təbii ki, bütün bunlar boş yerdən yaranmayıb. Bu nailiyyətləri əldə etmək üçün Ukrayna 4 illik müharibənin ağrı-acılarını yaşayıb…
