İranın cavab addımları regionda və dünyada bütün hesabları alt-üst etdi. Əslində çoxları cavab gözləyirdi, amma bu miqyasda, bu koordinasiyada və bu sürətdə reaksiya veriləcəyini demək olar ki, heç kim proqnozlaşdırmırdı. İndi təkcə Yaxın Şərq deyil, dünya paytaxtları da diqqətlə prosesləri izləyir. Siyasi mərkəzlərdə, hərbi qərargahlarda və analitik institutlarda bir sual var: bu qarşıdurma hara qədər gedəcək?
Baş verənlər göstərdi ki, İran uzun müddət ərzində ssenarilər üzərində işləyib, ehtimalları hesablayıb və mümkün hücum variantlarına qarşı planlarını hazır saxlayıb. Cavabın miqyası həm psixoloji, həm hərbi, həm də siyasi mesaj idi. Bu, miqyasda cavab “biz buradayıq və geri çəkilməyəcəyik” mesajıdır.
ABŞ və müttəfiqlərinin vəziyyəti isə kifayət qədər mürəkkəb görünür. Çünki gözlənilən sürətli və sarsıdıcı nəticə alınmadı. Əksinə, qarşı tərəf toparlandı və balansı dəyişdirdi. Belə vəziyyətdə qərarvermə mərkəzləri üçün seçimlər daralır. Hər addım həm hərbi, həm də siyasi risk daşıyır.
Ən təhlükəli ssenari isə qarşıdurmanın nüvə mərhələsinə keçməsi ehtimalıdır. Əgər hadisələr bu istiqamətdə inkişaf etsə və nüvə başlıqlı silahların istifadəsi gündəmə gəlsə, artıq məsələ regional müharibə çərçivəsindən çıxacaq. Belə bir addımın nəticələrini proqnozlaşdırmaq çətindir: Amma dəqiq olan odur ki, qlobal təhlükəsizlik sistemi çökəcək, beynəlxalq iqtisadiyyat iflic vəziyyətinə düşəcək, yeni bloklaşmalar və uzunmüddətli xaos yaranacaq.
Tarix göstərir ki, böyük güclər bəzən geri dönüşü olmayan qərarları emosional mərhələlərdə verirlər. Amma nüvə silahı xətti keçildiyi anda artıq “qalib” anlayışı mənasını itirəcək.
Hazırkı mərhələdə əsas sual budur: tərəflər eskalasiyanı davam etdirəcək, yoxsa müəyyən nöqtədə dayanmağı bacaracaqlar? Çünki bu qarşıdurma təkcə iki və ya üç ölkənin məsələsi deyil. Bu, qlobal təhlükəsizlik arxitekturasının sınağıdır.
Bir həqiqət artıq aydındır ki, dünya yeni mərhələyə daxil olub.
