“Buna deyiblər ki, ya narkotiki boynuna götür, ya da 20 il iş verəcəyik”.
Biləsuvarda yaşayan Sonabəyim Fərziyeva deyir ki, işsizlik, imkansızlıq ucbatından Rusiyaya iş dalınca gedən oğlunu zorla müharibəyə göndəriblər. Deyir ki, oğlu 46 yaşlı Tahir Rufullayev yanvarın 15-də gizlin evə zəng edib, qısa danışıq zamanı məcburi Ukraynaya müharibəyə göndərildiyini bildirib: “Qonşunun uşaqları, tay-tuşları hamısı gedib, işləyib qayıdırdı. Maşın ustası idi özü. Bir oğlu, bir qızı var. Oğlunun gözü görmür. Dedi ki, gedim işləyim, bir az pul qazanım, gəlim uşağın gözünü əməliyyat etdirim. Bir də evin üstünü düzəldim”.
Fərziyeva deyir ki, oğlu 2023-cü ilin aprelində üç aylıq sənədlə Voronej şəhərinə gedib. Orta məktəbi tam bitirməyən, rus dilini bilməyən oğlu Rusiyada işləmək üçün sənədlərini düzəldə bilməyib və qeyri-qanuni işləməyə davam edib.
Anası danışır ki, ötən ilin oktyabrında üç ay polisdə saxlandıqdan sonra hədə-qorxu yolu ilə məcbur müharibəyə getməsi ilə bağlı sənədə imza atdırıblar.
Sonuncu dəfə yanvarın 15-də ailəsi ilə əlaqə saxlayan T.Rufullayev bildirib ki, bir gün sonra onu bir aylıq hərbi təlimə, ardınca da müharibəyə yollayacaqlar. Həmin vaxtdan bəri oğlundan nə bir əlaqə, nə də bir məlumat ala bilirlər.
