Xəbəriniz yoxdursa deyim ki, “Araz Naxçıvan”ın rəhbəri Zaur Axundova qarşı cinayət işi başlanılıb və artıq Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Yəni tutublar onu.
Bu isə klub üçün ciddi problemlər deməkdir. Böyük ehtimalla, komanda bu il Premyer Liqadan düşəcək. Çünki hazırda kənar maliyyəsi dayanan klubda maaş və digər ödənişlər yalnız dövlətin verdiyi vəsaitlə ödənilməyə başlanıb. Sezonun sonunda bu yolla lisenziya şərtlərinə riayət etmək mümkün olmayacaq. Və təbii ki, komanda aşağı dəstəyə düşəcək, bəlkə də dağılacaq. Bu ən pis ssenaridir, amma ehtimalı böyükdür.
Bu baş verərsə, I Liqadan elitaya potensial 2 yox, 3 komandanın gəlməsi mümkün olacaq. 12-ci pillə avtomatik düşəcək (ən doğrusu budur, çünki nə olursa-olsun, idman prinsipləri pozulmamalı və ən zəif komanda liqadan düşürülməlidir), 11-ci pillə pley-off oynayacaq. “Araz Naxçıvan”ın yerinə isə 3-cü komanda gətirilə bilər. Bu komanda I Liqada tutduğu yerə yox, lisenziya şərtlərinə cavab verib-verməməsinə əsasən seçilə bilər.
