DünyaKriminalSiyasət

Epşteyn Rusiya agenti imiş…

Epşteyn Rusiya agenti imiş və belə çıxır ki, onun gördüyü çirkli işlər də Rusiya kəşfiyyatının əməliyyatı olub. Son 2 gündə dövriyyəyə buraxılan bu “məlumata” inansaq, o zaman başda ABŞ olmaqla bütün qərb siyasi dairələrinin Rusiyanın qarmağında olduğunu qəbul etməliyik.

Ceffri Epşteynin şəbəkəsində baş verənlərlə bağlı şübhəsiz ki, Rusiyanın da ətraflı məlumatı olub. Eyni zamanda onun seks kölələri arasında rus, belarus və s. millətlərin nümayəndələri arasında Rusiya xüsusi xidmət orqanları tərəfindən yeridilmiş agentlərinin olması da istisna deyil. Amma…

ABŞ-ın, xeyli Avropa ölkəsinin, ərəb monarxiyalarının, İsrailin biznes və siyasi dairələrindəki məşhur adlar “Rusiya agenti” Epşteyn tərəfindən belə bir çirkli işə cəlb olunubsa (özü də ABŞ-ın “orta göbəyində”), o zaman buradan bir neçə qənaətə gəlmək olar:

1. Dünyanın aparıcı ölkələrinin xüsusi xidmət orqanlarında çalışanların azı 95%-ni oraya hansısa bir kolxozdan və ya tövlədən toplayıblar. Amma nə Amerikada, nə Avropada, nə də qalan ölkələrdə kolxozlar olmayıb və həmin ölkələrin xüsusi xidmət orqanlarında çalışanlar ciddi seçim və yoxlama prosedurlarıdan keçirlər.

2. Seks yırtıcısının yetişməsində rolu olmuş bütün elm, sənət, biznes, media və siyasət əhli elə əvvəldən KGB, ardınca da FSB agentləri olublar. Absurddur, çünki belə olsaydı, nə Epşteynin iyrənc antiinsani əməllərinə, nə də onun özünə heç bir ehtiyac qalmazdı.

3. Rusiya Epşteyn vasitəsilə az qala bütün aparıcı ölkələrin xeyli rəsmisini tələyə salıb. Cəfəngiyyatdır, çünki Rusiya xüsusi xidmət orqanlarının əlində az qala hər kəsə qarşı bu qədər “kompromat” olsaydı, ona qarşı tətbiq edilən sanksiyalara “cavab” çoxdan verilmiş olardı.

Indi keçək xüsusilə bir sıra ABŞ informasiya platformaları tərəfindən səsləndirilən başqa bir versiyaya: Epşteyn “Mossad” agenti olub və gördüyü işlər də ona İsrail kəşfiyyatı tərəfindən tapşırılıb. Burada da əsas arqumentlər kimi aşağıdakı iddialar irəli sürülür:

1. Epşteyn və onun iş ortağı Gisleyn Maksvell, həmçinin də Epşteynin ortaya çıxmasında xüsusi rolu olmuş amerikalı iş adamlarının mütləq əksəriyyəti yəhudi kökənlidir. Ilk baxışdan məntiqli görünür, amma nəzərə alanda ki, bütün bunların hamısı ABŞ-da baş verib, ortaya ciddi suallar çıxır.

Məsələn, 17-18 xüsusi xidmət orqanı olan bir ölkədə kiçik bir İsrail illər boyu bu cür əməliyyatlar keçiribsə, o zaman bu orqanların yüz minlərlə (bəli, məhz yüz minlərlə) əməkdaşı nə işlə məşğul olub? Xüsusi xidmət orqanlarının iş metodları ilə hətta səthi tanışlığı olan da bunun mümkün olmadığını deyə bilər.

Elə həmin ABŞ-da İsrail kəşfiyyatına işləyən neçə casus ifşa edilərək həbsə atılıb. Məsələn, ABŞ hərbi institutlarından birinin analitiki olmuş Jonatan Pollard hərbi sirr təşkil edən məlumatları İsrail kəşfiyyatına ötürdüyünə görə ömürlük həbs cəzasına məhkum edilmişdi.

Buna görə casusu ifşa edən ölkənin onun milli təhlükəsizliyinə təhdidlər yaradan Epşteynin cinayətinə illər boyu göz yumması yalnız nağıl kimi qəbul edilə bilər.
2. İsrail kəşfiyyatı Epşteyn vasitəsilə toplanmış kompromatlarla ABŞ siyasətçilərini təhdid edir.

ABŞ-da Israilin xeyrinə qəbul olunan qərarlara qarşı çıxan siyasətçilər barmaqla sayılacaq qədər azdır və onların da heç biri Epşteyn qalmaqalının iştirakçıları arasında yoxdur. Demək, bu “arqument” də tənqidə davam gətirə bilməz.

Rusiya versiyasının bir, İsrail versiyasının isə digər (özü də əks) cinahdan ortaya atıldığını nəzərə aldıqda görünür ki, baş vermiş cinayətdən həm də daxili siyasi mübarizədə istifadə etmək niyyətində olanlar da az deyil. Elə Nyu-York merinin anası ilə bağlı deyilənlər də buna işarə edir.

Xatırladım ki, Nyu-York meri Zohran Mamdaninin anasının guya Epşteynlə əlaqəsi olması haqda hətta “foto” da yayılmışdı. Onun saxta olduğu da sübuta yetirildi. Qısası, Epşteyn uşaqbazlıq qalmaqalının Azərbaycandakı Ramiz-şouya çevirmək cəhdləri görünməkdədir.

Burada da məqsədlərdən biri törədilmiş ağır cinayətlərdən ibarət qalmaqalı siyasi mübarizə alətinə çevirərək, günahkarları cəzadan yayındırmaq ola bilər. Belə diskussiyalar sonda həm insanları yorur, həm də məsələnin ciddiliyini azaldır.

Digər bir məqsəd də qalmaqal üzərindən həyata keçirilməsi nəzərdə tutulan planlardan insanların diqqətini yayındırmaq üçün ortaya belə predmetsiz və isbatı (eyni zamanda da təkzibi) mümkünsüz görünən iddialar atmaq ola bilər.

Başqa bir və daha təhlükəli məqsəd də etnik, dini və irqi zəmində mübahisə və münaqişə(lər) yaratmaqla cəmiyyətləri yeni siyasi münasibətlər sisteminin qurulmasında iştirakdan kənarda qoymaq ola bilər. Bu da öz növbəsində bir daha sübut edir ki,

Epşteyn cinayəti hansısa ayrıca bir ölkənin deyil, “kollektiv əməyin” bəhrəsidir və burada da ən başlıca vəzifələrdən biri (bəlkə də birincisi) insanları və cəmiyyətləri siyasi proseslərdən iştirakdan kənarda saxlamaqdır. Hələlik görünənlərdən biri budur.

 

Ərəstun Oruclu

Tacxeber.com

Oxşar xəbərlər

Erməni jurnalistdən Azərbaycan çayı ilə bağlı paylaşım

redaktor

Rusiyanın itkiləri 450 minə çatır – Yeni siyahı

redaktor

Bunu edə biləcək adam mənəm – Tramp

redaktor