Son İran Hadisələrinin İlkin Dərsləri
1.İndiki İran problemlər ölkəsidir… Bahalıqdan tutmuş su probleminə qədər İran əhalisi günlük ehtiyac və yoxluqdan əziyyət çəkir. Etirazçıların kütləvi surətdə qırğını nə bahalıq, nə su, nə elektrik, nə pulsuzluq problemini çözəcək. Deməli, bir neçə aydan, ya 2-3 ildən sonra yeni etiraz dalğası ilə üzləşəcəyik. Ölkə reklam fasiləsinə çıxdı.
2. Son hadisələrin xarakteri ilə bağlı müxtəlif təriflər/anlayışlar işlədilir. Dekabrın 28-dən yanvarın 13-ə (ya 14-ə) qədərki hadisələr nə idi? Hökumət ona “ixtisas” adı qoydu. (Bu arada bizim TV-lərin də eyni termindən istifadəsi diqqət çəkir). İxtişaş qeyri-qanuni, dağıdıcı hərəkatdır. Müxalifət ona “inqilab” adı verdi. İnqilab müsbət, legitim etiraz formasıdır. Biz öztürkcəmizdəki “ayaqlanma” terminini daha məqbul sayırıq. Çünki daha anlaşılandır.
3. Son ayaqlanmanın detalları dərindən araşdırılacaq, hər tərəf ondan dərs almağa çalışacaq. Bizim də alınacaq dərslərimiz var.
4. Güney Azərbaycanda yetəri qədər siyasi aktivlik oldumu? Olmadı. Tərs bir sual – buna gərək vardımı? Vardı. Niyə? Çünki siyasi böhran məzlumlar və məzlum millətlər üçün əlavə fəaliyyət imkanı yaradır. Azad olmaq istəyən, ya problemlərini çözmək istəyən şəxs, ya millət bu şansı qaçırmamalıdır.
5. Güney Azərbaycanda yüksək siyasi aktivlik görünmədi dedik. Burada repressiv nəzarətin və rejimin daha güclü olması səbəbindənmi? Güneylilərin siyasi və milli şüurunun yetərincə yüksək olmaması səbəbindənmi? Yoxsa Dr. Pezeşkian, bir az da Xamnei amilləri bu çəkingənliyi şərtləndirdi? Yoxsa bu səbəblərin hamısının birlikdə təsiri oldu? Ciddi müzakirə mövzusudur.
6. Bu ölkədə demokratiya istəyən kəsim varmı? Şübhəsiz, vardır. Amma demokratiya üçün mücadilə edən Farslar ölkənin çoxmillətli quruluşunu qəbul etmirlər. Halbuki bilinən bir gerçək var: Çoxmillətli ölkədə milli hərəkatlarla ümum-demokratik hərəkatın uğur qazanması üçün onlar bir-birini tamamlamalıdırlar. Bu sahədə milli hərəkatların (bu sıradan Azərbaycan/Türk hərəkatının) da üstünə vəzifə düşür.
7. Son hadisələr zamanı Quzeydəki bəzi analitiklər Bütöv Azərbaycan məfkurəsinin mahiyyəti haqqında olmazın iftiralar atdılar, quru sərhədlərin qapalı qalmasını “dahiyanə uzaqgörənlik” adlandırdılar, “Güney Azərbaycanın yükünü biz çəkə bilmərik”-filan dedilər. Bir sözlə, son hadisələr bizdə də çox fikir probleminin olduğunu ortaya qoydu. Müzakirə olunmalıdır.
