DünyaGündəmSiyasət

“Bu tip rejimlər xarici müdaxilələrə daha açıq və daha dözümsüz olurlar” – Şahin Cəfərli

ABŞ‐ın Venesuelaya hərbi müdaxiləsi şübhəsiz ki, beynəlxalq hüquqa ziddir və təqdir ediləcək davranış deyil.

Bununla bərabər, Venesuelada nəinki beynəlxalq hüquqa, öz daxili hüquq sisteminə də məhəl qoymayan rejim bərqərar olmuşdu. Demokratik seçki təcrübəsinin olduğu ölkədə seçki saxtakarlığı praktikasını tətbiq etməsi Maduronun bəlkə də ən məsum əməlidir və qeyri‐legitimlik təkcə bundan qaynaqlanmır. Rejimin səbəb olduğu, humanitar fəlakət səviyyəsinə yüksəlmiş iqtisadi çöküş, eləcə də sərt repressiyalar ucbatından 30 milyon əhalinin 8 milyonundan çoxu vətəni tərk edib. Təsəvvür edin, Maduro ölkədə minimum əməkhaqqını 3 dəfə artırdıqdan sonra bu məbləğ 2,5 ABŞ dollarına çatıb. Milli valyuta bolivar çoxdan hörmətsiz kağız parçasına çevrilib. Təhlükəsizlik strukturları və rejimə bağlı “kolektivos” adlanan motosikletli paramilitar qruplar (İrandakı Bəsic qüvvələrinin analoqu) tərəfindən indiyədək minlərlə müxalifətçi və narazı vətəndaş öldürülüb. BMT hələ 2019‐cu ildə ölənlərin sayının 7 min olduğunu açıqlamışdı…

Təkrar ABŞ‐ın müdaxiləsinə qayıdaq. Tramp administrasiyası beynəlxalq hüququ faktiki olaraq tanımır. Trampizm, ABŞ radikal sağı beynəlxalq və regional təşkilatların dövlətlərə norma, prinsip, davranış qaydaları diktə etməsini rədd edərək bunu milli suverenliyə zidd sayır. Dekabrda elan olunan ABŞ‐ın yeni milli təhlükəsizlik strategiyası tamamilə siyasi realizm fəlsəfəsinə əsaslanır. Yəni Trampın qlobal vizyonunda idealist dəyərlərin yox, güc faktoru, milli maraq və cari reallıqların üstün sayılması əsas yer tutur. Bu yanaşma ‐ Azərbaycan hakimiyyəti Trampı sevsə də ‐ bizim kimi kiçik ölkələr üçün də qəbulolunmaz və risklidir. Belə çıxır ki, Rusiya bölgənin ən böyük və güclü dövləti olduğu üçün bizə öz iradəsini diktə etmə haqqına sahibdir…

Venesuela hadisəsinin Ukrayna ilə əlaqəsinə gəldikdə isə Trampın “Ukraynanı Rusiyaya sataraq əvəzində Venesuelanı aldığı” barədə fikirlər doğru ola bilməz. Əvvəla, Venesuelada Rusiyanın ciddi nəzarəti yox idi ki, ABŞ ora müdaxilə etmək üçün Moskvanın icazəsini alsın. Tramp Ukrayna məsələsində Rusiya ilə konsensus əldə etmək istəyir, amma masada olan sülh planı, ABŞ‐ın Ukrayna üçün qanunvericilik səviyyəsində təhlükəsizlik təminatı verməyə hazırlaşması və milli təhlükəsizlik strategiyasında da yazıldığı kimi, Ukraynanın müharibədən sonra həyat qabiliyyətli dövlətə çevrilməsi üçün onun bərpasına ciddi dəstək vəd etməsi Ukraynanın “satılacağına” dəlalət eləmir. Ümumiyyətlə, qeyd etməyə ehtiyac var ki, Ukrayna hazırda dünyanın ən döyüş qabiliyyətli və böyük ordularından birinə, peşəkarlıq səviyyəsi yüksək xüsusi xidmət orqanlarına və güclü hərbi‐sənaye kompleksinə sahib dövlət olaraq hansısa nimçəyə hədiyyə qismində sığacaq qədər kiçik və zəif deyil.

ABŞ və Rusiyanın masaya oturub dünyanı öz aralarında bölüşdürdüyü, yaxud bölüşdürəcəyi də əsaslı iddia kimi görünmür. Beş il ərzində (2014‐2015, 2022‐2026) Donetsk vilayətini ala bilməyən Rusiya ilə kim, nəyi bölüşdürəcək? İkinci Dünya müharibəsindən sonrakı dövrdə formalaşmış beynəlxalq sistem bu gün faktiki iflasa uğrasa da, indiki vəziyyəti 2‐ci Dünya müharibəsinin yekununda Yalta alverini zəruri edən situasiya ilə qarışdırmaq, eyniləşdirmək lazım deyil. Rusiya Federasiyası SSRİ kimi şərt diktə edəcək qüdrətə sahib dövlət deyil.

Trampın “Monro doktrinası 2.0” ruhunda hazırlanmış milli təhlükəsizlik strategiyasında Qərb yarımkürəsi prioritet region elan olunsa da, bunu ABŞ‐ın Avropanı Rusiyaya, Hind‐Sakit okean regionunu isə Çinə güzəştə gedəcəyi kimi başa düşmək yanlışdır. Strategiya özü tam əksini deyir. Avropa ilə bağlı bölmədə hazırkı hökumətlər (liberal elitalar) ciddi tənqid olunsa da, bəyan edilir ki, ABŞ hər hansı rəqib (düşmən) gücün Avropada dominantlıq etməsinə imkan verməyəcək. “Biz Avropanı hesabdan silməyi özümüzə rəva görə bilmərik, bu, hədəflərimizə çatmaq yolunda intihar anlamına gələrdi”, ‐ deyə strategiyada bildirilir.

Sonda : bir daha gördüyümüz kimi, sərt rejim qurmaq çıxış yolu və çözüm deyil. Düşündüklərinin tam əksinə, bu tip rejimlər xarici müdaxilələrə daha açıq və daha dözümsüz olurlar.

 

Şahin Cəfərli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Mərhum liderin Ərdoğana şok sözləri: Bu torpaqlar sizindir!

admin

Bakı metrosunun yeni stansiyasından ilk görüntülər – FOTOLAR

admin

Ukraynada döyüşən Vensin əmisi oğlu: “Tramp və mənim əmim oğlu Putinin xeyrinə işləyən axmaqlarıdır”

admin