ABŞ tarixi boyunca xarici ölkələrdə nəzərəçarpacaq qədər müdaxilələrdə iştirak edib — təxminən 400-ə yaxın hərbi müdaxilə baş verib. Bu müdaxilələrin bir hissəsi birbaşa dövlət çevrilişi ilə nəticələnib. XX əsrin ortalarından etibarən ABŞ xarici siyasətinin ən sabit, amma eyni zamanda ən mübahisəli xətlərindən biri rejim dəyişdirmə (regime change) strategiyası olub. Bu strategiya bəzən açıq hərbi müdaxilə, bəzən iqtisadi sanksiyalar, bəzən isə kəşfiyyat əməliyyatları və siyasi təsir mexanizmləri vasitəsilə həyata keçirilib. Tarix göstərir ki, Latın Amerikası bu siyasətin əsas laboratoriyası olub. Türkiyə isə eyni dövrdə NATO üzvü kimi fərqli taleyi yaşayıb. Venesuela isə bu gün həmin “klassik Latın Amerikası ssenarisinin” yenilənmiş versiyasını yaşayır.
Tarix açıq şəkildə göstərir: Latın Amerikası ABŞ-ın siyasi laboratoriyasıdır. Burada çevrilişlər planlaşdırılıb, hökumətlər devrilib, xalqlara isə sonradan bunun “azadlıq” olduğu izah edilib. Türkiyə isə eyni dövrdə bu laboratoriyanın obyektinə çevrilməyib. Venesuela isə bu gün həmin laboratoriyada yenidən masaya yatırılıb.
Soyuq müharibə dövründə ABŞ üçün əsas bəhanə kommunizm idi. “Qırmızı təhlükə” arqumenti ilə demokratik seçkilər, xalq iradəsi və dövlət suverenliyi rahatlıqla tapdalanırdı. Sonrakı mərhələdə isə kommunizmin yerini enerji maraqları, regional nəzarət və qlobal güc balansı aldı. Terminologiya dəyişdi, müdaxilə davam etdi.
ABŞ rejim dəyişdirməni heç vaxt tək bir üsulla etməyib. Mexanizm həmişə çoxqatlı olub: siyasi elitaların satın alınması, ordu və təhlükəsizlik strukturlarına sızma, sanksiyalarla iqtisadi boğma,informasiya müharibəsi ilə legitimliyin məhv edilməsi.
Bu, demokratiya ixracı yox, hakimiyyət ixracıdır.
Türkiyə XX əsrdə bir neçə hərbi çevriliş yaşayıb (1960, 1971, 1980). Bu fakt tez-tez “ABŞ bu çevrilişlərin arxasında idi” iddialarını gündəmə gətirir. Ancaq mühüm məqam budur:
Türkiyədə heç bir çevriliş ABŞ tərəfindən planlaşdırılmış və icra edilmiş rejim dəyişdirmə əməliyyatı kimi sənədləşdirilməyib. Niyə?
Birincisi, strateji status: Türkiyə NATO-nun cənub-şərq sütunu idi. Rejimin çökməsi yox, onun davamlılığı Vaşinqton üçün prioritet sayılırdı.
İkincisi, daxili güclü dövlət ənənəsi: Ordu, bürokratiya və siyasi institutlar ABŞ-ın birbaşa nəzarətinə açıq deyildi.
Üçüncüsü, alternativin olmaması: Türkiyədə ABŞ üçün “əvəzlənə bilən”, tam loyal müxalif rejim modeli mövcud deyildi.
Yəni Vaşinqton Türkiyədə sistemi dəyişmək deyil, sistemi idarə olunan şəkildə saxlamaq xəttini seçmişdi. Bu da Latın Amerikası ilə əsas fərqdir.
Onu da qeyd etmək lazımdır ki, ABŞ 2016-cı ildə Türkiyədə çevriliş edə bilmədi. Bu tarixdən sonra isə belə bir ssenarinin həyata keçirilməsi faktiki olaraq mümkün görünmür.
Venesuela isə ABŞ üçün tamam fərqli kateqoriyadır. Hugo Chávez dövründən etibarən bu ölkə açıq şəkildə ABŞ-ın təsir zonasından çıxmağa qərar verdi. Nicolás Maduro isə bu xətti daha da sərtləşdirdi.
Bunun cavabı gecikmədi. Venesuela klassik rejim dəyişdirmə mərhələlərinin hamısını eyni anda yaşadı: dağıdıcı iqtisadi sanksiyalar,neft sektorunun boğulması,müxalifətin süni şəkildə “yeganə legitim güc” kimi təqdim olunması, ölkəyə kənardan “keçid prezidenti” ixracı.
Burada məqsəd Maduro deyil. Məqsəd Venesuelaya nümunə olmaqdır. Məqsəd göstərməkdir ki, ABŞ-dan kənar enerji siyasəti yürüdən hər kəsin aqibəti eyni olacaq. Bu, eyni zamanda Çin və Rusiyaya da mesajdır.
Bu baxımdan Venesuela XXI əsrin Çilisi (1973) və Qvatemalasıdır (1954). Fərq ondadır ki, bu dəfə tanklar küçəyə çıxarılmayıb. Əvəzində aclıq, inflyasiya və beynəlxalq təcrid silah kimi istifadə olunur.
ABŞ-ın Türkiyəyə dözümlü, Venesuelaya isə amansız münasibəti bir həqiqəti açıq göstərir:
Bu siyasətin demokratiya ilə heç bir əlaqəsi yoxdur. Məsələ ABŞ-a nə qədər tabe olub-olmamaqdır. ABŞ xarici siyasətinin dəyişməyən qaydası budur: İtaət edənlər “islah olunur”, itaət etməyənlər isə dəyişdirilir.

P.S 1953-cü ildə CIA idarəçiliyi ilə soydaşimız olan Baş nazir Mossadeq devrildi. Bu əməliyyat İran neft sənayesi və anti-kommunist narahatlıqlar əsasında təşkil edilmişdi.
