İranda iqtisadi çətinliklər səbəbindən paytaxt Tehran başda olmaqla bir sıra iri şəhərlərdə dörd gündür kütləvi etirazlar keçirilir. Bu dəfəki nümayişlər əsasən orta və kiçik bizneslə məşğul olan, bazari adlanan təbəqə tərəfindən başlanıb. 1979-cu ildə baş vermiş İran İnqilabını təhlil edən məşhur məqalələrdən birində Theda Skocpol bazari təbəqəsini İnqilabın əsas dayaqlarından biri kimi təqdim etmişdi. Bu baxımdan, bazarilərin belə etiraza qalxması İran hakimiyyəti üçün mövcud vəziyyətin hansı həddə çatdığını göstərir. Xüsusilə, ticarətçi təbəqənin hər zaman sabitlik tərəfdarı olduğunu nəzərə alsaq, onların etiraza qalxması ənənəvi sosial-iqtisadi balansın ciddi şəkildə pozulduğunun sübutudur.
Etirazların davam etməsi fonunda israilli siyasətçilər və ABŞ konqresmenləri də İran hakimiyyətini devirməyə dair çağırışlar edir. 1979-cu ildə devrilmiş Pəhləvilər sülaləsinin tərəfdarı olar monarxistlər də nümayişləri alovlandırmağa çalışırlar.
Ötən iyun ayında İsrailə qarşı baş vermiş 12 günlük müharibədə SEPAH-ın rəhbər heyətinin öldürülməsindən sonra İranda rejim dəyişikliyi daha real ssenari kimi görünməyə başlayıb.
Bəllidir ki, İsrail İran hakimiyyətini daha da zəiflətmək üçün əlavə zərbələr endirmək fürsəti axtarır və ötən günlərdə keçirilmiş Netanyahu–Tramp görüşündə ABŞ prezidenti İsrailin İrana növbəti hücumlarına yaşıl işıq yandırdı.
Hər nə qədər küncə sıxışsa da, İrandakı mövcud hakimiyyətin asanlıqla təslim olmayacağını düşünürəm. Rejimə sadiq yüzminlərlə hərbçi və milyondan çox paramilitar qüvvəyə qarşı yeni siyasi gücün hakimiyyəti ələ keçirməsi üçün aylarla, bəlkə də illərlə davam edəcək vətəndaş müharibəsi baş verə bilər. Yəni, İranda da Suriya ssenarisi ehtimalı var. Belə bir versiya da var ki, İran hakimiyyəti daxili böhrandan diqqəti yayındırmaq üçün xarici müharibəyə yönələ bilər. Ən real ehtimal İsrailə qarşı hücum etməkdir ki, bu da İran üçün daha ağır nəticələrə gətirib çıxara bilər.
İstənilən halda, İran xaosa sürüklənir və üfüqdə həll yolu görünmür. İranda mümkün xaos ssenarisi Azərbaycan üçün ən böyük geosiyasi risklərdən biridir. (Şərqə Baxış)
