DünyaSiyasət

Avropa mətbuatı yazır ki, Tramp bu 4 dövlətin Aİ-dən çıxmasını istəyir

Yeni Milli Təhlükəsizlik Strategiyasına əsasən ABŞ Avropa İttifaqına “fatihə” oxumağa hazırlaşır. Sənəddə ABŞ-ın Aİ ilə deyil, ayrı-ayrı Avropa ölkələri ilə əməkdaşlığa üstünlük verdiyi qeyd olunur. Bu ölkələr arasında İtaliya, Macarıstan, Avstriya və Çexiya xüsusi vurğulanır. Ağ Ev Administrasiyası təkzib etsə də Avropa mətbuatı yazır ki, Tramp qeyd olunan 4 dövlətin Aİ-dən çıxmasını istəyir:

Niyə məhz bu ölkələr?

Xəritəyə baxın. Bu ölkələr bir-biri ilə sərhəd olub, Avropanın cənubundan mərkəzinədək bir zolaq yaradırlar. Fikrimcə, gələcəkdə onlara Polşanı da qoşmaqla zolağı tamamlayacaqlar. İndi Polşa daha çox Britaniyanın təsiri altındadır. Onların hamısı katolik ölkələridir. Katolisizmin iqamətgahı isə Vatikanda (İtaliyada) yerləşir. İndiki papa ABŞ əsillidir. Deməli, zolaq ölkələri üçün katolisizm ideoloji “sement” ola bilər.

Slovakiya da Macarıstanla eyni siyasi mövqedədir, lakin o Trampın siyahısına daxil edilməyib. Çünki Slovakiya pravoslav ölkəsidir. NATO-nun Avropadakı əsas bazalarından birinin yerləşdiyi Rumıniya da eyni səbəbdən bu siyahıda yoxdur.

Bəs bu zolağı yaratmaqda məqsəd nədir?

Zolaqdan sağda Rusiya və digər pravoslav (əsasən) ölkələr, solda protestant və katolik ölkələr yerləşir. Sanki bu zolaq Rusiya və ABŞ arasında Avropanı bölüşdürür. Zolaq ölkələri iki qütb arasında ABŞ-ın avanqard qüvvələri (bəlkə də bufer) rolunu oynamalıdır. ABŞ-ın bu ölkələri gücləndirmək iddialarının olduğunu nəzərə alsaq, avanqard qüvvə təyinatı daha uyğun gəlir.

Zolaq ölkələri güclü sənaye, elm və texnologiya ölkələri deyillər, onlardan ABŞ-ın götürə biləcəyi bir şey yoxdur. Lakin zolaqdan solda Almaniya, Fransa və İspaniya kimi iri ölkələr var. Onların arasında Almaniya və Fransa xüsusi əhəmiyyətə malikdirlər – sənaye, elm və texnologiya sahəsində yüksək inkişafa malikdirlər. Digər kiçik dövlətlərdə də bu sahələr yaxşı inkişaf edib. ABŞ isə sənayesini bərpa edə bilməsə, gələcəyi yoxdur. Deməli, zolaqdan soldakı ərazi ABŞ üçün “sərbəst ov” zonasına çevrilir. ABŞ zolaq vasitəsilə soldakı ölkələri Rusiyanın xammal bazasından birdəfəlik məhrum edir. Nəticədə bu ölkələrin tənəzzülü qarşısıalınmaz prosesə çevrilir. Sənaye şirkətləri məhv olmamaq üçün aktivlərini onlara yaxşı perspektiv (ucuz enerji və xammal, investisiyalar üçün güzəştli şərtlər) vəd edən ABŞ-a köçürürlər. Beləliklə, ABŞ dirçəlir, Qərbi Avropa çökür. Onsuz da ABŞ yeni Strategiyasına görə də Qərbi Avropanın perspektivini yaxşı görmür.

Əslində bu tərəfdaşlarına qarşı soyğunçuluqdur. Lakin başqa yol yoxdur – su meymunun boğazına çatanda balasını ayağının altına qoyar. Başqalarını (Çini və Rusiyanı) soya bilmirsə, özününküləri soymağa məhkumdur. Bu sağ qalmaq instinktidir. Qərbi Avropa sənayesini “oğurlamaq” üçün ABŞ Fransa və Almaniyanı zəiflətməli, müqavimət qabiləyyətlərini sındırmalıdır. Bundan sonra hər şey asan olacaq.

Əlbəttə, bunlar mənim ehtimallarımdır. Həm də belə bir plan varsa da, hər şeyin həmin plan üzrə gedəcəyinə təminat yoxdur. Lakin bütün hallarda Qərbi Avropanın tənəzzülü qaçılmazdır.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Putin məmurlarla danışıq aparıb, prezidentin gözlənilən müraciəti “texniki xəta” adlandırılıb.

admin

ABŞ Ukraynaya əlavə 400 milyon dollar hərbi yardım edəcək

redaktor

2025-ci ilin yanvarı dünyada ən isti ay kimi tarixə düşdü

admin