DünyaMuharibəSiyasət

Ukrayna de-yure NATO üzvü olmasa da de-fakto ona NATO üzvündən də çox yardım edildi

NATO nizamnaməsinin 5-ci maddəsi haqda çox danışılır və yazılır. Həmin maddə NATO ölkələri üçün kollektiv müdafiənin əsas prinsipini əks etdirir. Ukrayna da məhz bu maddəyə ümid edərək, NATO-ya qoşulmaq istəyirdi. Həqiqətənmi NATO-ya üzv olmaq onu qoruya bilərdi? Məncə, bu ümid birmənalı deyil.

Əvvəl görək, NATO nizamnaməsinin 5-ci maddəsində nə yazılıb:

“Avropada və ya Şimali Amerikada Alyans üzv-ölkələrindən birinə qarşı silahlı hücum Alyans üzvlərinin hamısına qarşı hücum hesab olunur və hər bir ölkə Şimali Atlantika bölgəsində təhlükəsizliyi bərpa etmək və qorumaq üçün silahlı qüvvə tətbiq etmək də daxil olmaqla, hücuma məruz qalan tərəfə yardım göstərməyi öhdəsinə götürür.”

Bu maddəni izah edək:

– Alyans üzvlərindən birinə silahlı hücum hamısına qarşı hücum deməkdir.

– Alyans üzvləri hücuma məruz qalan üzvün təhlükəsizliyini bərpa etmək və qorumaq üçün ona yardım etməlidirlər.

– Yardım necə edilir? Yardımı müzakirə etmək üçün hücum faktından sonra 72 saat ərzində Alyans üzvləri toplaşıb, vəziyyəti müzakirə edir, yardımın həcmi və xarakteri barədə qərar qəbul edirlər.

Yardımın necə olacağı barədə NATO nizamnaməsində heç nə yazılmayıb. Bu məsələdə hər bir ölkə özü müstəqil şəkildə qərar verir. Yardım hücuma məruz qalmış ölkəyə ordu birləşmələri göndərmək də ola bilər, hərbi texnika, silah-sursat, hərbi məsləhətçilər, maliyyə, humanitar və sairə də ola bilər. Bu məsələdə nizamnamə məhdudiyyət də qoymur.

İndi Ukrayna misalına baxaq.

2022-ci ilin 24 fevralında Rusiya Ukraynaya hücum etdi.

25 fevralda videokonfrans formatında NATO-nun növbədənkənar sammiti keçirildi. Rusiyanın hücumu bütün Qərbə qarşı hücum kimi qiymətləndirildi.

Sammitdə NATO-nun Ukraynaya necə yardım edəcəyi müzakirə olundu və “Ukraynanın müdafiəsi üzə saziş qrupu” (Ramştayn formatı) yaradıldı. Ramştayn NATO-nun Avropada ən böyük hərbi bazasıdır. NATO rəhbərliyi hər ay Ramştaynda toplaşaraq, Ukraynaya daha hansı köməyi etmək barədə qərarlar qəbul edirdi.

Müharibə başlayandan sonra NATO üzvləri və tərəfdaşları Ukraynaya mümkün olan bütün köməyi etdilər: hərbi texnika, silah-sursat, hərbi geyim və mühafizə vasitələri, tibbi ləvazimatlar, yardımçı texnika, rabitə vasitələri, yanacaq və sair göndərdilər. Rusiya üçün hava məkanını bağladılar. Müxtəlif ölkələrdə Ukrayna ordusunun əsgərlərinin hərbi hazırlığını təşkil etdilər. Ukraynaya başqa (məs., könüllü, məsləhətçi) adlar altında öz peşəkar əsgər və zabitlərini göndərdilər (ən çox da Polşadan). Dünyanın hər yerindən muzdlular cəlb edib, Ukraynaya göndərdilər. Ən müasir texnikanı (Himars, Patriot, NASAMS və s.) istismar etmək üçün Ukraynaya öz hərbçilərini ezam etdilər. Bütün iri hərbi əməliyyatların planları NATO komandanlığı tərəfindən hazırlandı və idarə edildi. Rusiyaya qarşı bütün mümkün maliyyə və iqtisadi sanksiyalar tətbiq edildi, siyasi təzyiqi maksimal həddə çatdırdılar. Ukraynanı fasiləsiz kosmik və digər kəşfiyyat məlumatları ilə təmin etdilər. Ukraynanın Rusiyaya atdığı raketləri və uzun mənzili PUA-ların kosmik idarəetməsini həyata keçirtdilər. Rusiya daxilində diversiyaların təşkilində Ukraynaya bütün mümkün köməyi etdilər. Rusiyada dinlərarası, millətlərarası, ideoloji nifaq yaratmaq və alovlandırmaq üçün hər şeyi etdilər. Rusiyanın minlərlə varlı adamlarına qarşı sanksiyalar tətbiq etdilər ki, onlar hakimiyyətə qarşı çıxsınlar. Rusiyanın Qərb banklarındakı hesablarını dondurdular. Rusiyanın Qərbdəki mətbuat vasitələrini bağladılar, çoxminli izləyicisi olan YouTube-kanallarını ləğv etdilər. Sosial şəbəkələrdə rusiyalıların monetizasiyasını dayandırdılar. Ona qarşı neft-qaz və sair embarqoları tətbiq etdilər. Ukraynanın nəinki ordusunu, hətta pensiyaçılarını saxlamaq üçün də pul ayırdılar. Başqa dövlətlərə siyasi-iqtisadi təzyiqlər göstərdilər ki, Rusiyaya qarşı sanksiyalar qoşulsunlar və ya ən azı onunla münasibətləri dayandırsınlar. Rusiya ətrafında hərbi manevrləri artıraraq, ona qarşı təhdidlər yaratdılar ki, Ukrayna cəbhəsində qoşunlarını artıra bilməsin… Saymaqla qurtaran deyil.

Buradan nə nəticə çıxır? Ukrayna de-yure NATO üzvü olmasa da de-fakto ona NATO üzvündən də çox yardım edildi. NATO, sadəcə, bundan artığını edə bilmir, artıq təzyiq və yardım resursları tükənib.

Buna görə də Ali Radada “Sluqa naroda” fraksiyasının rəhbəri David Araxamiya deyir ki, bizə 5-ci maddənin təminatları heç nə vermir, bizə daha güclü zəmanət lazımdır.

Asif Şəfəqqətov

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Azərbaycanda Fransanın kəşfiyyat şəbəkəsi AŞKARLANDI

redaktor

Məşhəddə Xameneinin heykəli yandırıldı – VİDEO

redaktor

Bəzi yerlərdə duman olacaq – BU GÜNÜN HAVASI

redaktor