9 C
Bakı
16 Dekabr 2025 11:52
DünyaSiyasət

Neftin kölgəsində: Müsəddiq, soyuq müharibə və 1953 çevrilişi

Çoxdandır bu araşdırma üzərində işləyirdim. Nəhayət bu il onu tamamlaya bildim. Söhbət Qanun nəşriyyatında yeni nəşr olunan 544 səhifəlik “İran Neftin Kölgəsində: Müsəddiqin Milli Cəbhəsi Soyuq Müharibə Burulğanında, 1949-1953” adlı monoqrafiyadan gedir.

Bu mövzuda mənim bu ilin aprel ayında Harvard Universitetinin Davis Mərkəzində elmi seminarım da olmuşdu. Dedektiv kimi kitabdır. Hissiz, həyəcansız oxumaq olmur.

Ötən əsrin 50-ci illərindən İran nefti Yaxın Şərqdə soyuq müharibənin alışqan maddəsinə çevrilmişdi. Soyuq müharibə dövrünün bu ilk böyük neft böhranı bütün dünyanı silkələmişdi və İran neft böhranı Koreya müharibəsi ilə birlikdə həmin dövrün iki əsas qaynar nöqtəsindən birinə çevrilmişdi.

Oxuculara təqdim edilən bu əsərin mərkəzi siması Məhəmməd Müsəddiqdir. O, ana tərəfdən Qacar səltənətinin vərəslərindən idi. Müsəddiqin anası Nəcm ol-Səltənə Fətəli şahın nəticəsi, Nəsrəddin şahın əmisi qızı, Müzəffərəddin şahın da yaxın qohumu idi. 1949-cu ildə İrandakı proseslər onu tarixin səhnəsinə çıxardı,

1951-ci ildə Baş Nazir təyin edildi və ilk qərarı İranın neft sənayesini milliləşdirmək və 50 il İranın belini qıran İngilis – İran Neft Şirkətini milliləşdirmək oldu.

Dünya mətbuatı onun haqqında əfsanələr yazırdı. 1951-ci ilin iyununda “Taym” jurnalı onun haqqında yazırdı: “Müsəddiq qatı dindar deyil və nadir hallarda məscidə gedir. Ancaq evdə, parlamentdəki güşəsində olduğu kimi, inancının qurucusu qədər sərt qaydalarla yaşayır (az yeyir, yalnız iki kostyumu var, sürücüsündən belə yaxşı geyinməyi sevmir). Müsəlman ölkəsindən
başqa, ayrı bir yerdə Müsəddiq fenomeni ola bilməzdi.”

Baş Nazir olan kimi oğlunu nazir müavini vəzifəsindən azad etdi və dövlət hesabına xaricdə oxuyan İran tələbələrindən biri kimi nəvəsinin təqaüdünü kəsdi və dedi ki, minlərlə İran gəncinin xaricdə təhsilə ehtiyacı olduğa halda Baş Nazirin nəvəsi dövlət hesabına xaricdə oxuya bilməz.

Bu kitabın hazırlanmasında Sovet KGB-nin, Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin və Britaniya gizli kəşfiyyat xidmətinin (Mİ6) son dərəcə nadir sənədlərindən, eyni zamnda  Türkiyə diplomatik arxivlərin materiallarından istifadə edilib. Kitabda SSRİ ilə ingilis-amerikan müttəfiqlərin İran uğrunda  şiddətli mübarizəninin açıq və gizli tərəfləri  işıqlandırır.

Kitabda Müsəddiqin hakimiyyətə gəlişi, Qərbin maraqlarına qarşı mövqeyi və 1953-cü ilin avqustunda Mərkəzi Kəşfiyyat İdarəsi ilə Britaniya Gizli Xidmətinin birgə gizli əməliyyatı nəticəsində devrilməsi ardıcıllıqla əhatə olunmuşdur. Məhəmməd Rza şah ilk dəfə məhz Müsəddiqin dövründə ölkədən qaçmışdı. Qərb tarixçiləri yazırdılar ki, ingilis-amerikanlar 1953-cü ildə Müəsddiq hökumətini zorla devirməsəydilər, 1979-cu ilin islam inqilabı olmaya bilərdi.

İran ali ruhani təbəqəsi tanınmış din xadimlərinə Tudəçilərin adından qırmızı mürəkkəblə yazırdılar ki, hakimiyyətə gələn kimi sizi öz çalmalarınızı  kəndirə çevirib asacağıq. Bu təxribat Mərkəzi Kəşşfiyyat İdarəsinin Müsəddiqi devirmək planının (TP-AJAX) tərkib hissəsi idi. MKİ sənədləri açılanda məlum oldu ki, bu məqsədlə İranın tanınmış din xadimlərinə, Ayətullalara kifayət qədər böyük pullar ödənilib.

Kitabda İran Tudə partiyası haqqında son dərəcə maraqlı məlumatlar vardır. Ümumiyyətlə bu kitab İranda neft böhranı, Qərbin dramatikləşdirdiyi soyuq müharibə və Sovetlərin təzyiq alətinə çevrilmiş kommunist təhlükəsi üçbucağında yazılmışdır. Yaxın günlərdə  onu kitab şəbəkələrindən əldə edə  bilərsiniz.

 

Cəmil Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

“Kəşfiyyatçının tezliklə Ukraynaya dönməsini gözləyirik…”

admin

Separatçılar Xocalıda sədd çəkirlər – VIDEO

redaktor

“Ukraynaya dəstək artacaq” – ABŞ-ın müdafiə naziri

redaktor