Əvvəlki yazılarımda bu şounun arxasında ölkənin olan-qalan siyasi institutlarının sıradan çıxarılması planının ola bilməsinə işarə etmişdim. Belə qənaətə gəlmək üçün də yetərincə əsaslar mövcuddur.
Əks halda Ramiz Mehdiyevin ətrafında qaldırılmış media tozanağı onun və iddia edilən komandasının sıradan çıxarılması üçün kifayət edərdi. Xüsusilə də kampaniyaya ən yüksək səviyyədə qərar verildiyini nəzərə alsaq.
Buna isə, ümid edirəm, kimsə şübhə etmir. Amma görünən nəticə tam əksinədir və bunu da aşağıdakı faktlar açıq-aydın göstərir:
1. Dövlət çevrilişində ittiham edilən Ramiz Mehdiyevin bu günədək bircə nəfər də tərəfdarı həbs olunması;
2. O da bir yana, bu günədək Mehdiyevin ailə üzvlərini çıxmaq şərtilə bircə nəfər də tərəfdaşı vəzifədən azad edilməyib;
3. Heç bir istintaq və ya məhkəmə qurumu tərəfindən rəsmi məlumat yayılmayıb;
4. Ramiz-şou mövzusunda gedən kampaniyada nadir istisnalarla dövlət rəsmiləri iştirak etmirlər;
5. Şou çərçivəsində səhnəyə çıxanlar müxalifət və psevdomüxalifət nümayəndələri, bir sıra hallarda da keçmiş məmurlardır;
6. Arxada qalan müddətdə əsasən hədəfə alınan, təhdid olunan və həbs edilən opponent düşərgənin nümayəndələridir.
7. Kampaniya hakimiyyətə bağlı və ya onun təsiri altında olan media resurslarında aparılır;
8. Kampaniyanın aparılmasında gündəmə gətirilən mövzuların ardıcıllığı və çərçivəsi hakimiyyət tərəfindən irəli sürülmüş plan üzrə müəyyən edilir.
Başqa faktlar da sadalamaq olar, amma düşünürəm ki, bunlar kifayət edir.
Indi kampaniya çərçivəsində təqdim edilən mövzuların ardıcıllığına nəzər yetirək. İlkin məlumatda bildirilirdi ki, Ramiz Mehdiyev dövlətə xəyanətdə və dövlət çevrilişinə cəhddə ittiham olunur və gündəm də bundan ibarət idi.
Həmin mərhələdə opponent düşərgənin müzakirələrə qatılması müşahidə olunmurdu. Odur ki, həmin düşərgənin müzakirələrə qatılması məqsədilə 2013-cü ilə ekskurs edildi və bunun da nəticəsində əvvəlcə ittihamlar, ardınca da həbslər başladı.
Amma həmin fazada da opponent düşərgənin başqa qanadlarını cəlb etmək üçün bir qədər daha uzağa – 1988-93 illərə müraciət olundu. Amma bütün ittihamlara rəğmən bu da ümumi mənzərəni əhəmiyyətli dərəcədə dəyişmədi.
Onda KGB arxivləri, agent ovu və digər bu kimi mövzularda “müzakirələr” açıldı.
Beləliklə, gördüyümüz kimi iqtidar meydançasında, iqtidarın duzənlədiyi oyunda əsasən müxalifət və psevdomüxalifət oynayır.
Sadə həqiqət də ondan ibarətdir ki, başqasının qurduğu oyunda onun diqtə etdiyi qaydalarla, üstəlik də onun meydançasında oyuna qol qoymaq elə ilk addımdan məğlubiyyətə uğramaq deməkdir. Oyun isə hələ davam edir.
Ona görə ki, sıradan çıxarılması nəzərdə tutulanların hələlik heç də hamısı ona cəlb olunmayıb. Əksinə, zəiflədilən və sıradan çıxarılanların yerində müvəqqəti boşluq yaranıb.
Müqəddəs yer isə boş qalmır. Deməli, şou da hələ davam edəcək.
