CəmiyyətDin

DEPUTAT PAŞAZADƏDƏN NÖVBƏTİ “ŞEDEVR” – Yaxud Şeyx və qardaşı hansı dövləti qurub?

Şeyxülislam Hacı Allahşükür Paşazadənin qardaşı, “dördqat millət vəkili” Cavanşir Paşazadə son müsahibəsində Ramiz Mehdiyevlə heç bir əlaqəsinin olmadığını, onunla heç zaman görüşmədiyini deyib. Qardaşı Şeyxülislamınsa Mehdiyevlə yalnız “dövlətlə bağlı məsələlərdə” münasibətinin ola biləcəyini iddia edib.

Əlbəttə, indi belə adamların Mehdiyevin adı gələndə “yaxa silkələməsi”, “dəvə gördünmü, heç izini də görmədim” mövqeyində durması və bununla da “təhlükəli mövzular”dan yayınması təbiidir. Zatən bu vəzifələrə, mandatlara, var dövlətə də “zamanla ayaqlaşmağı bacardıqları” üçün yiyələniblər. Odur ki, bu baxımdan C.Paşazadənin Mehdiyevlə bağlı dediklərində qeyri-adi nəsə yoxdur və Mehdiyev də o halda deyil ki, məsələn, Şeyxlə, onun keçmişi və indisi ilə əlaqəli nəyisə təsdiq, yaxud təkzib etsin…

Ancaq C.Paşazadənin həmin açıqlamasında daha çox sual, hətta qıcıq doğuran başqa bir məqam var. Paşazadə özünün və Şeyxülislamın malik olduğu bizneslərlə bağlı verilən suala belə cavab verib: “Hansı bizneslə məşğul ola bilərik ki? Bu boyda dövlət qurmuşuq, belə bir şey olsa, dövlət buna əsla göz yummaz. Şeyx ölkəni dünyanın dörd bir yanında təmsil edib. Belə hal olsaydı, onu nəinki Azərbaycanı təmsil etməyə, ölkədən çıxmağa da qoymazdılar”.

Bilmək olmur, 4 dəfə deputat edilən, buna baxmayaraq, hələ də zəhmət çəkib Azərbaycan dili və qrammatikasını ortadan aşağı səviyyədə olsa belə məninmsəməyən, 3 cümləlik “facebook” paylaşımında 33 səhvə yol verən, “Prezident” sözünü “prizident”, “Azərbaycan” sözünü “Azarbaycan”, “müraciət” sözünü “müraciyyət” yazan bu adam yuxarıda qeyd etdiyimiz cavabı ilə kimi “dolayır”? Yəni, onun fikrincə, cəmiyyət, mətbuat bu qədərmi kor və bisavaddır?

Birincisi, bilmək olmur, “bu boyda dövlət qurmuşuq” deyəndə kimi nəzərdə tutur – özünü və Şeyximi? Sual ona və qardaşına aid olduğundan belə nəticə çıxarmaq olar ki, belə də var. Paşazadələrin nə vaxt və hansı dövləti qurduqlarını deyə bilmərik, amma dövlətimizin imkanlarından, resurslarından gen-bol bəhrələndiklərini rahat deyə bilərik. Onu da deyə biərik ki, məsələn, Mehdiyevin vaxtilə tutduğu vəzifə kimi, Azərbaycanda Şeyxülislam təyinatının da Moskvanın “himayəsi və nəzarəti altında” həyata keçirildiyi heç kimə sirr deyil…

C.Paşazadənin “Hansı bizneslə məşğul ola bilərik ki?” fikrinə gəlincə, türklərin yaxşı bir atalar sözü var: “İmanın və paranın kimdə olduğu bəlli olmaz”. Şeyxin və qardaşının imanına bir şey deyə bilmərik, çünki imanı gözlə görmək mümkün deyil və indiyə qədər Şeyxülislamın nə dərəcədə səmimi və Allaha yaxın bir din xadimi olduğu barədə çox suallar, çox müzakirələr olub. Ona görə də Azərbaycanda imanı deyə bilmərik, amma paranın kimlərdə olduğunu hamı görür və bilir. Hamı bilir ki, bu qəbildən olan adamlar “süddən çıxan qaşıqdırlar”, öz adlarına heç nə yoxdur, “maaş və məvaciblə dolanırlar”, əvəzində mütləq övladları, qohum-əqrəbaları Azərbaycanda və ondan kənarda böyük biznes və mal-mülk sahibləridir.

Daxildəki və xaricdəki biznesləri, bank hesablarını, villaları, mehmanxanaları, restoranları və s. qoyaq bir tərəfə. Təkcə Şeyxülislamın və qardaşının yaşadıqları malikanələrin dəyəri milyonlara sığmır. Bunlar deputat maaşı, din xadimi məvacibi iləmi ərsəyə gəlib?

Nəhayət,“Belə bir şey olsa, dövlət buna əsla göz yummaz” deməklə C.Paşazadə camaatı lap ələ salıb. Bəzilərinin layiq olmadıqları halda 4-5 dəfə deputat olması, deputat ola-ola özünün səs verdiyi qanunları tapdalaması, camaatın dərdi və birbaşa vəzifəsilə yox, öz biznesilə, mal-mülkü ilə məşğul olması, varlandıqca varlanması da elə bu “göz yumulması”nın nəticəsi deyilmi?…

 

Cəlal Məmmədli

Tacxeber.com

Oxşar xəbərlər

Lombardda sirli itki: vətəndaşın 20 minlik qızılı yoxa çıxıb.

redaktor

“Sərhədlərin qapalı saxlanılması virusa görə deyil” – Deputatdan şok açıqlama

redaktor

Azərbaycanda pedofillərin sayının artmasının ŞOK SƏBƏBİ

redaktor