Hüquqşünas Maliyyə naziri Sahil Babayevdən növbəti manipulyativ sitat: “Azərbaycan gəlir vergisinin dərəcəsini 50 % aşağı salır. Qanuna dəyişiklik edilməsəydi 2 500 manata qədər gəlir 14 %-lə, 2500 manatdan artıq gəlir isə 25 %-lə cəlb ediləcəkdi. Lakin Azərbaycan hökuməti yenə də özəl və qeyri-neft-qaz sektorunun inkişafını, bu sektorun ehtiyacını nəzərə alaraq növbəti böyük güzəştli rejim tətbiq edir, 14 %-lik vergini 7 %-ə salırıq. Özü də bunu tədricən edirik. Bu, çox böyük bir güzəştdir və Azərbaycan hökumətinin özəl sektorun inkişafı üçün yaratdığı növbəti imtiyazdır”.
Hörmətli nazir, 2019-cu ilə qədər, yəni, güzəştləri tədbiq etməyə başlayanda, özəl və qeyri-neft sektorunda çalışanlar maaşdan (gəlirdən) DSMF-ə cəmi 3% ödəniş edirdilər. Hökumət 7 illik güzəşt tədbiq etdi – insafən, qərarın özü çox doğru idi, amma, hədəflərinə çatmadı. İndi isə güzəşt ləğv edilir, yaxın 3 ildə 2500 manat qədər maaş alanların gəlir vergisi 7%-ə qədər artırılır, amma, DSMF-ə ödənişlər elə 10% qalır axı! Yəni, 2019-a qədər 3% idi, sonra 10% oldu, indi vergi 7% olursa, yenə DSMF ödənişləri 10% olaraq qalır! Bundan başqa, 2019-cu ilə qədər 2% icbari tibbi sığorta, 0,5% isə icbari işsizliyin sığorta haqqı, yəni, vergisi yox idi!
Yəni, 2019-cu ilə qədər işçinin 14% vergi, 3% DSMF ödənişi var idi – cəmi 17% ödəyirdi. İndi isə, yaxın 3 ildə 2500 manata qədər maaşı olanlar 10% DSMF, 7% vergi, 2% tibbi, 0,5% işsizlik vergisi ödəyəcək, yəni, cəmi ödənişi 19,5% olacaq! Nə qədər idi – bəli, 17%, nə qədər olacaq – bəli, 19,5%, bunun adına güzəşt, növbəti imtiyaz deyirsiz? Niyə ağa-qara deməklə məşğulsunuz ki?!
Natiq Cəfərli
Tacxeber.com
Bizimlə əlaqə: [email protected]
