Amerika Birləşmiş Ştatlarının qərbində, Kaliforniya ərazisində əsasən quru ərazidə uzanan San Andreas çatı Yer qabığının ən tanınmış və ən çox tədqiq olunan geoloji quruluşlarından biridir. Bu nəhəng çat Sakit Okean və Şimali Amerika litosfer plitələrinin arasında yerləşir
San Andreas çatı təxminən 1200 kilometr uzunluğundadır. O, şimalda Mendosino burnu yaxınlığından başlayır, cənubda Meksika sərhədinə qədər uzanır. Onun dərinliyi dəqiq məlum deyil, 16 km-ə çata biləcəyi ehtimal olunur.
Bu çat düz xətt deyil — o, onlarla kiçik qol və budaqdan ibarət mürəkkəb sistemdir. Çat bəzən Yer səthində qabarıq relyef zolaqları, çay yataqlarında əyriliklər və daş qatlarında sürüşmələr şəklində açıq şəkildə görünür.
İki plitə bir-birinə əks istiqamətdə hərəkət edirlər. Sakit okean plitəsi şimal-qərbə, Şimali Amerika plitəsi cənub şərqə doğru hərəkət edir. Hərəkət sürəti böyük deyil — ildə cəmi 2–3,5 santimetr. Lakin bu, yüzilliklər boyu davam etdiyindən böyük gərginlik toplanır və bu da güclü zəlzələlərin yaranmasına səbəb olur.
Mütəxəssislər San Andreas çatını üç əsas hissəyə bölürlər:
– Şimal seqmenti – San Fransisko körfəzi bölgəsindən keçir. Burada 1906-cı ildə baş vermiş San Fransisko zəlzələsi (7.8 bal) 3 000-dən çox insanın ölümünə və şəhərin yarısının dağılmasına səbəb olmuşdu.
– Mərkəzi seqment – “Creeping zone” adlanır. Burada plitələr yavaş-yavaş, fasiləsiz sürüşür, buna görə güclü zəlzələlər nadir hallarda olur.
– Cənub seqmenti – Los Anceles və San Bernardino bölgələrindən keçir. Bu hissə ən təhlükəli sayılır, çünki artıq 300 ildən çoxdur burada böyük zəlzələ qeydə alınmayıb və gərginlik yığılmaqda davam edir.
Son 200 ildə baş verən ən güclü zəlzələlər:
1857 — Fort Tejon zəlzələsi (8.0 bal): çatın cənub hissəsində baş verib, 350 kilometr uzunluğunda yer yarığı əmələ gətirib.
1906 — San Fransisko zəlzələsi (7.8 bal): yanğınlar nəticəsində şəhərin 80 faizi məhv olub.
1989 — Loma Prieta zəlzələsi (6.9 bal): San-Fransisko körpülərində ciddi dağıntılar törədib.
Alimlərin hesablamalarına görə, San-Andreas çatında növbəti 30 il ərzində 7 və ya daha yuxarı bal gücündə zəlzələnin başvermə ehtimalı 60 faizdən çoxdur. Ən çox qorxulan ssenari Cənubi seqmentdə baş verə biləcək “The Big One” adlanan zəlzələdir. Bu halda Los Anceles, Palm Springs və San Dieqo kimi iri şəhərlər ciddi zərər görə bilər.
Hazırda ABŞ-da USGS (Geoloji Xidmət) tərəfindən yüzlərlə sensor və GPS cihazları vasitəsilə çatın hərəkəti real vaxtda izlənir.
San-Andreas çatı yalnız təhlükə deyil, həm də elmi laboratoriya kimi böyük əhəmiyyət daşıyır. Burada bir çox geoloji və seysmoloji tədqiqatlar aparılır.
Ərazidə çoxlu sayda geoloji parklar və müşahidə məntəqələri fəaliyyət göstərir. Məsələn, Carrizo Plain və Parkfield bölgələri həm tədqiqatçılar, həm də turistlər üçün açıqdır.
San-Andreas çatı Yer planetinin “canlı damarlarından” biridir. O, bizə planetin necə hərəkət etdiyini, dağların və okeanların necə formalaşdığını göstərir. Eyni zamanda, bu çat xatırladır ki, Yer daim dəyişir, və insan sivilizasiyası bu dəyişimin yalnız bir parçasıdır.
Hollivudun 2015-ci ildə çəkdiyi “San Andreas” filmi burada baş vermiş xəyali fəlakətli zəlzələdən bəhs edir.
