DünyaHadisəTarix

Serjant Stabbi

Serjant Stabbi — Birinci Dünya müharibəsində iştirak etmiş, çoxsaylı mükafatlara layiq görülmüş, döyüş meydanında göstərdiyi igidliyə görə serjant rütbəsi verilmiş yeganə it.

1917-ci ildə Yel Universitetinin hərbi təlim poliqonunda təlim keçən sıravi Con Robert Konroy qısa quyruqlu, tünd zolaqlı bir balaca iti tapdı. İt “Stabbi” adını aldı və qısa zamanda ABŞ-ın 26-cı piyada diviziyasının 102-ci alayının talismanına çevrildi.

İtin təlim qabiliyyəti heyrətamiz idi: o, şeypurun səsini tanımağı, hərbi addımlarla yeriməyi və hətta hərbi salamı — sağ ön pəncəsini sağ qaşına qaldırmağı — öyrəndi. O, əsgərlərin ruh yüksəkliyinə müsbət təsir göstərdiyindən, alay komandanlığı istisna olaraq onun bölükdə qalmasına icazə verdi, hərçənd, orduda heyvan saxlamaq qadağan idi.

Diviziya Fransaya göndəriləndə, Konroy Stabbini gizlicə “SS Minnesota” gəmisinə keçirdi. O, iti kömür anbarında gizlətdi, lakin sonda matroslar onu tapdılar, amma ələ vermədilər. Sonradan Konroyun birbaşa komandiri Stabbini aşkar etdi. Qaydalara görə heyvanların gəmiyə buraxılması qadağan olsa da, zabit Stabbiyə qalmağa icazə verdi — çünki it ona hərbi salam vermişdi.

Fransaya çatdıqdan sonra Stabbi xüsusi icazə ilə diviziyanın rəsmi talismanı kimi cəbhə xəttinə göndərildi. 102-ci piyada alayı 5 fevral 1918-ci ildə Suassonun şimalında cəbhəyə çatdı və bir ay ərzində fasiləsiz döyüşlərdə iştirak etdi. Stabbi tezliklə tüfəng və artilleriya atəşinin səsinə öyrəşdi. Onun ilk yaralanması qaz hücumu zamanı baş verdi. O, sahə hospitalına aparıldı, müalicədən sonra yenidən cəbhəyə qayıtdı.

Bu hadisədən sonra Stabbi qazın ən kiçik iyini və qaz mərmilərinin düşmə səsini tanımağa başladı. Bir dəfə səhər tezdən alay qaz hücumuna məruz qaldı, əsgərlərin çoxu yatmışdı. Stabbi qazın iyini hiss edib xəndəklərdə qaçaraq hürməyə və əsgərləri dişləməyə başladı — beləliklə onları oyadaraq çoxlarını zəhərlənmədən və ölümdən qurtardı.

Stabbi həm də neytral zonada yaralıları axtarmaqda böyük bacarıq göstərirdi: o, ingilis dilində kömək çağırışlarını eşidib həmin istiqamətə qaçır, hürərək sanitarları həmin yerə cəlb edirdi.

Bir dəfə o, hətta neytral ərazidə gizlənmiş bir alman əsgərini tutdu. Əsgər onu çağıranda, Stabbi hürməyə başladı; alman qaçmağa cəhd edəndə, it arxasınca qaçaraq ayağını dişlədi və yıxdı. O, amerikalı əsgərlər gələnə qədər düşməni tutub saxladı. Bu igidliyinə görə 102-ci alayın komandiri Stabbiyə serjant rütbəsi verdi — bu, ABŞ Silahlı Qüvvələrinin tarixində itin rütbə aldığı ilk hadisə idi.

1918-ci ilin aprelində Seşepre alınarkən Stabbi düşmənin atdığı əl qumbarasından ağır yaralandı — çoxlu qəlpə sinəsinə və pəncəsinə dəydi. O, sahə hospitalına, sonra isə Qızıl Xaç xəstəxanasına köçürüldü. Sağaldıqdan sonra xəstəxanadakı yaralı əsgərləri ziyarət edərək onların ruhunu yüksəltdi

Şato-Tyerri şəhəri amerikalılar tərəfindən azad ediləndə, şəhərin qadınları çoxsaylı medalları üçün ona zamşa palto hədiyyə etdilər. Stabbi ümumən 17 döyüşdə iştirak etdi.

Müharibə bitdikdən sonra Konroy onu yenidən ABŞ-a apardı. O, vətəndə keçirilən hərbi paradda iştirak etdi və prezident Vudro Vilsona təqdim olundu. Daha sonrakı prezidentlər Hardinq və Kuliclə də görüşdü. Stabbi çoxsaylı mükafatlarla təltif olundu, o cümlədən ABŞ Humanitar Cəmiyyətinin medalını general Con Persinqin əlindən aldı. O, həmçinin Amerika Legionunun və Y.M.C.A. təşkilatının fəxri üzvü seçildi.

Konroy hüquq təhsili almağa başladıqda, Stabbi Corctaun Universitetinin futbol komandasının talismanı oldu. Fasilələrdə meydanda topun arxasınca qaçaraq tamaşaçıları əyləndirirdi. Stabbi 1926-cı ildə Konroyun qucağında vəfat etdi.

Onun bədəni hazırda Smitson İnstitutunun “Azadlığın qiyməti: amerikalılar müharibədə” adlı daimi sərgisində nümayiş olunur. 11 noyabr 2006-cı ildə, Atəşkəs Günü keçirilən mərasimdə, Kanzas-Sitidə yerləşən Birinci Dünya Müharibəsi abidəsi olan Azadlıq Memorialındakı Şöhrət Xiyabanında Stabbinin şərəfinə xüsusi lövhə qoyuldu.

2018-ci ildə onun haqqında “Serjant Stabbi: Amerikan qəhrəmanı” adlı tammetrajlı animasiya filmi çəkilmişdir.

Yadigar Sadıqlı – “Tarixçi” whatsapp kanalı

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Bakıya qarın yağmamasının SƏBƏBİ BİLİNDİ

redaktor

Aleksandr Maslyakov vəfat etdi

admin

Putin çətin ki, güzəştə getsin – Şolts

redaktor