20 C
Bakı
14 Oktyabr 2025 10:53
CəmiyyətGündəmSiyasət

Avropa Məhkəməsi “Pegasus” işi üzrə Azərbaycan hökumətinə suallar göndərib

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) “Pegasus” casus proqramından istifadə iddiaları ilə bağlı Azərbaycan hökuməti ilə rəsmi kommunikasiya mərhələsinə keçib.

Bu barədə vəkil Fariz Namazlı öz “Facebook” səhifəsində məlumat paylaşıb. Onun sözlərinə görə, məhkəmə Azərbaycandan olan ümumilikdə 59 şəxsin şikayətlərini iki iş üzrə birləşdirərək araşdıracaq.

“Məhkəmə Konvensiyanın 8-ci (şəxsi həyata hörmət hüququ), 13-cü (səmərəli müdafiə vasitələri), 18-ci (hüquqlardan sui-istifadə), bəzi hallarda isə 10-cu (ifadə azadlığı) və 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddələrinin pozulub-pozulmadığı ilə bağlı tərəflərə suallar ünvanlayıb”, – deyə Namazlı bildirib.

2021-ci il iyulun 18-də Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi – OCCRP və tərəfdaş qurumların apardığı beynəlxalq araşdırmada Azərbaycan hökumətinin jurnalistlərə, siyasətçilərə və vətəndaş cəmiyyəti fəallarına qarşı İsrailin “NSO Group” şirkətinə məxsus “Pegasus” casus proqramından istifadə etdiyi iddia olunurdu.
Sızdırılmış siyahıda 200-dən çox azərbaycanlının, o cümlədən jurnalistlərin və müxalif siyasətçilərin adı keçirdi.

Fariz Namazlının sözlərinə görə, casus proqramının qurbanı olan şəxslər Baş Prokurorluğa müraciət edərək telefonlarına qanunsuz müdaxilənin araşdırılmasını tələb etsələr də, nəticə əldə etmədikləri üçün AİHM-ə şikayət göndəriblər.

“2021-ci ildə mətbuatda yayılan məlumatlara əsasən, Azərbaycan da daxil olmaqla bir çox ölkələr müxalif şəxslərin, o cümlədən mənim şəxsi məlumatlarımı “Pegasus” vasitəsilə ələ keçirməyə çalışıb və ələ keçirib. Biz bu qanunsuz müdaxilənin araşdırılması üçün prokurorluğa müraciət etdik, lakin cavab ala bilmədik”, – deyə vəkil vurğulayıb.

AİHM-in bu iş üzrə qərar verməsi Azərbaycanda şəxsi həyata müdaxilə və dövlətin kibermüşahidə praktikaları ilə bağlı ilk presedentlərdən biri ola bilər. (AbzasMedia)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Kərə yağı” adı ilə yediyimiz neft – İstehlakçı belə aldadılır…

admin

Priqojın Afrikada ortaya çıxıb

redaktor

Deputat FHN nazirini müdafiə etdi. “Ola bilsin, FHN əməkdaşlarının bir-birilərinə məhəbbətləri olub, burada Kəmaləddin Heydərov məsuliyyət daşımır”

admin