Cənab İlham Əliyev,
Məlumunuzdur ki, 19 aydır həbsdəyik. Bu sətirləri sizə göstərişinizlə saxlanıldığımız BİT-dən yazırıq. “Göstərişinizlə” sözünü işlətməyimiz hər hansı gümandan deyil, hadisələrin ardıcıllığı, faktların gizlədilmədiyi, hər şeyin hər kəsə məlum olduğu ölkədə yaşamağımızdan irəli gəlir. Çünki ortada nə cinayət hadisəsi, nə də cinayət əməli var. Bunlar olmadığı halda BŞBPİ tərəfindən irəli sürülən ittiham da rəsmi təsdiq edir ki, barəmizdə ictimai-siyasi fəaliyyətimizə görə belə qərar verilib. Dəfələrlə bəyan etdiyinizə görə, ölkədə nəyin, nə zaman baş verməsini siz müəyyən edir, qərarı da siz verirsiz. Barəmizdə məhkəmə hökmü olmadan, istintaq orqanlarınızın hələ “sübuta” yetirmədiyi halda belə, bir neçə dəfə ictimai açıqlamalarınızla artıq sübuta yetirilmiş cinayət əməli kimi təqdim edərək bizə qarşı aparılan təqibin arxasında durduğunuzu gizlətməmisiniz. Beləliklə, sizin iradənizlə bu təqiblərlə üzləşdiyimiz nəinki bizə, bütün ölkə və dünya ictimaiyyətinə bəllidir. Nəticədə bizə qarşı edilənlər nə and içdiyiniz İslam dininin müqəddəs kitabı Qurani-Kərimə, nə ölkə Konstitusiyasına, nə də sivil dünyanın siyasi-hüquqi əxlaqına uyğundur.
Fərqindəyik ki, üzləşdiyimiz bu haqsız təqiblər açıq və ya gizli formada ailə üzvlərimizi, dostlarımızı və yaxınlarıımızı da əhatə edir. Onlara da müxtəlif əziyyətlər verilir. Lakin elan etdiyimiz prinsiplərdən, ölkəmizdə Üçüncü Respublika qurulmasına nail olmadan çıxdığımız yoldan geri dönəsi deyilik. Bir daha sizin və bütün cəmiyyətin nəzərinə çatdırırıq ki, qurduğunuz Tək Adam rejiminə itaət edəsi deyilik. İdarəetmə rejiminizin qaba, özbaşına və maddi gücünə qarşı yalnız dinc və sivil metodlara, hüquqa və mənəvi gücümüzə, daşıdığımız respublikaçı ideallara söykənərək mübarizəmizi davam etdirmək əzmindəyik.
Bu məktubu yazmağımıza əsas səbəb isə bizim kimi eyni formada ittihamlarla “Meydan TV işi”-də həbs edilən, jurnalist, Arqument.az saytının baş redaktoru, dostumuz Şəmşad Ağanın həyat yoldaşının həyati risk daşıyan ağır xəstəliklə üzləşməsi xəbəridir. Həyat yoldaşının baş beynində şiş xəstəliyinə dair təsdiqlənmiş tibbi diaqnoz onun təcili əməliyyat olunmasına təxirəsalınmaz zərirət yaradır. Təəssüf ki, əməliyyat həyati risk daşıyır, nəticələri barədə həkimlər aydın diaqnoz verə bilmir, yüksək risk daşıdığını ifadə edirlər. Şəmşad Ağanın ailəsi 4 nəfərdən ibarətdir və himayəsində 2 azyaşlıq övladı var. Belə vəziyyətdə ailə başçısı olaraq Şəmşad Ağanın həyat yoldaşının yanında olması, onun müalicəsini təşkil etməsi və övladlarının himayəsini həyata keçirə bilməsi qaçınılmaz zərurət yaradır.
Cənab Əliyev,
yuxarıda da qeyd etdiyimiz kimi kobud gerçəklik budur ki, ölkədə əsas qərarı verən şəxs sizsiniz. Sizin iradəniz olmadan heç bir istintaq və məhkəmə orqanları ictimai-siyasi şəxslərin həbsdən azad edilməsi barədə təşəbbüs belə edə bilməz. Ailə dəylərinin siyasətinizin əsas prinsiplərindən biri olduğunu mütəmadi qeyd etdiyinizi nəzərə alsaq, Şəmşad Ağanın barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə göstəriş verməyiniz yerinə düşər. Onun ev həbsinə, polis nəzarətinə buraxılması üçün prosessual maneə yoxdur.
Artıq “Meydan TV işi” üzrə ibtidai istintaq da bitib. Bundan sonra Şəmşad Ağanın nə işə təsiri, nə də ölkədən qaçmaq kimi formal səbəblər də mövcud deyil. Ona görə də Şəmşad Ağanın bu çətin anda təcili olaraq ailəsinin başında olub, həyat yoldaşının müalicəsilə məşğul olmasına, uşaqlarına valideyn qayğısını həyata keçirə bilməsinə imkanın yaradılması yalnız sizin əlinizdədir.
Sizə bunu etməyə çağırırıq!
İmza: Akif Qurbanov, Ruslan İzzətli
Bakı İstintaq Təcridxanası
Tarix: 6 oktyabr 2025