Son həftələr Adnan Əhmədzadənin həbs xəbəri yayıldıqdan sonra sosial mediada onun ətrafında güclü qəzəb dalğası formalaşdı. Paylaşılan şərhlərdən və yazılardan sanki belə bir təsəvvür yaranır ki, Əhmədzadə 30 ildir xalqa zülm edən əsas fiqurdur. Halbuki reallıq daha fərqlidir: o, illərlə qurulmuş bir oyunun sadəcə peşəkar iştirakçısıdır.
Adnan Əhmədzadə SOCAR rəhbərliyində uzun illər mühüm vəzifələrdə çalışıb. Onun adı müxtəlif korrupsiya qalmaqallarında hallansa da, əsas qərarların sahibi heç vaxt o olmayıb. Əslində, Əhmədzadə sistemin içində peşəkar idarəçi rolunu oynayıb və “icraçı fiqur”dan kənara çıxmayıb.
Əsas diqqətdən yayınan məqam isə odur ki, bütün maliyyə əməliyyatları, xaricdəki mülklər, neftin tərkibinə Rusiya neftinin qatılması və digər strateji qərarlar birbaşa prezident İlham Əliyevin nəzarətindədir. Məsələn, Türkiyədə ailəsinə məxsus yarım milyard avroluq mülklər, Avropadakı ofşor şəbəkələr və enerji bazarında aparılan manipulyasiyalar haqqında faktlar uzun illərdir mövcuddur. Amma bu mövzuda susanlar indi bütün məsuliyyəti Əhmədzadənin üzərinə yıxmağa çalışırlar.
Bu, mənə Türkiyədəki Rza Zərrab hadisəsini xatırladır. ABŞ-da keçirilən məhkəmə prosesində Zərrab açıq şəkildə etiraf etmişdi ki, İranla aparılan qızıl ticarəti və sanksiyaların dolanılması əməliyyatları dönəmin Türkiyə nazirlərinin və dövlət qurumlarının razılığı ilə həyata keçirilib. Yəni, o sadəcə mexanizmin icraçısı idi, amma qərar verənlər daha yüksək səviyyədə idi. Eyni ssenari bu gün SOCAR ətrafında da qurulur.
Bəlkə də Əliyev Adnan Əhmədzadəni başqa ölkədə həbs edilib sirləri açmasın deyə müvəqqəti təcrid edib. Bu ehtimalı da nəzərdən qaçırmaq olmaz.
Nəticə olaraq, Adnan Əhmədzadə nə qədər tənqid olunsa da, əsas məsuliyyət sistemin özündədir. SOCAR-ın fəaliyyəti, Azərbaycanın enerji resursları üzərində aparılan oyunlar və xalqın gələcəyini müəyyən edən qərarlar yalnız bir nəfərin, İlham Əliyevin siyasi iradəsi ilə həyata keçirilir.
Əslində, məsələ Adnan Əhmədzadənin günahkar olub-olmamasında deyil. Əsas məsələ budur: ictimai qəzəb niyə həmişə oyunçulara yönəlir, amma oyunun müəllifi, Əliyev hakimiyyəti hələ də toxunulmaz qalır?
Bəhruz Əliyev