Ermənistan konstitusiyası üzrə referendum 2026-cı ilin iyununa planlaşdırılan parlament seçkilərindən əvvəl və ya onlarla eyni vaxtda keçirilməyəcək. Bunu baş nazir Nikol Paşinyan ötən həftəsonu deyib. O, hakim “Mülki Müqavilə” partiyasının qurultayında bildirib ki, partiyası seçkilərdə qalib gəlsə, ölkəni “dördüncü Ermənistan respublikası”na çevirəcək. “Seçkilərdə xalqın etimadını qazandıqdan sonra ‘Mülki Müqavilə’ yeni Ermənistan konstitusiyasının qəbul edilməsi prosesinə başlayacaq və bu proses ümumxalq referendumu ilə gerçəkləşdiriləcək”, – N.Paşinyan 90 dəqiqəlik çıxışında vurğulayıb.
Rəsmi Bakı Ermənistan konstitusiyasında Azərbaycana ərazi iddiası olduğunu bildirir və yekun sülh sazişi imzalamaq üçün dəyişiklik edilməsini tələb edir. Tərəflər avqustun 8-də Vaşinqtonda sülh müqaviləsini paraflayıblar. Azərbaycan prezidenti İlham Əliyev bundan sonra da deyib ki, Ermənistanın konstitusiyanı dəyişməsi sülh üçün əsas şərtidir.
Paşinyan ötən il yeni konstitusiya qəbul ediləcəyinə vəd edib, Vaşinqton sammitindən sonra bu planlarını bir daha təsdiqləyib. Bakı konkret olaraq Yerevandan konstitusiyanın preambluasını dəyişməsini tələb edir. Həmin hissədə Ermənistanın 1990-cı il müstəqillik bəyannaməsinə istinad edilir. Bəyannamədə isə 1989-cu ildə Sovet Ermənistanı və Dağlıq Qarabağ Muxtar Vilayətinin qanunverici orqanlarının qəbul etdiyi birləşmə aktı qeyd olunur. Bu hissənin konstitusiyadan çıxarılmasının yeganə hüquqi yolu – yeni konstitusiyanın referendumla qəbul olunmasıdır.
Ermənistanda müxalifət qüvvələri yeni konstitusiyanın qəbuluna qarşı çıxır, seçiciləri onu rədd etməyə çağırırlar. Onlar Paşinyanın “dördüncü respublika” yaratmaq planlarını tənqid ediblər. “Müxalif Erməni Milli Konqresinin” nümayəndəsi Levon Zurabyan deyib ki, N.Paşinyanın ‘dördüncü respublika’ elan etməsi özünün və partiyasının “erməni xalqına yaşatdığı fəlakətlərə görə məsuliyyətdən və günahdan yayınmaq cəhdidir”: “Bu, həm də Azərbaycanın konstitusiya dəyişiklikləri ilə bağlı tələblərini yerinə yetirmək üçün yaradılan saxta pərdədir.”
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib. Bu il avqustun 8-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda sülh sazişini paraflayıblar. Avqustun 8-də Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Vaşinqtonda imzaladığı bəyannamədə bölgədən TRIPP – “Tramp yolu”nun çəkilməsi nəzərdə tutulub. Bu marşrutun Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacağı bildirilir. “Tramp yolu” Azərbaycanın “Zəngəzur dəhlizi” dediyi marşrutdur. Yerevan “dəhliz” termini qəbul etmir. (AzadlıqRadiosu)