23 C
Bakı
25 Sentyabr 2025 14:01
DigərDünyaHadisə

Uyğur düşərgəsindən sağ çıxan qadın Sincanda gördüklərindən danışır: məcburi sterilizasiya, işgəncələr…

Xülasə

  • Qəlbinur Sidiq Çinin Sincan bölgəsində kütləvi həbs düşərgəsində çalışıb. Dediyinə görə, orada saxlanılanlar işgəncələrə, alçaldıcı rəftara məruz qalıblar, doğuma məcburi nəzarət edilib

  • Son səkkiz ildə Sincanda 1 milyondan çox müsəlmanın, uyğurların, qazaxların, qırğızların, taciklərin və özbəklərin sərt mühafizə olunan həbs düşərgələrinə aparıldığı güman edilir.

  • “Yalvardım ki, məni əməliyyata aparmasınlar. Dedim ki, daha uşaq doğa bilmərəm və istəmirəm. Amma yenə də məni sterilizasiya etdilər”.

Qəlbinur Sidiq Çinin qərbindəki Sincan bölgəsində uyğurların, digər müsəlman azlıqların saxlandığı, bədnam kütləvi həbs düşərgəsində çalışıb.

Sidiq Çin dili müəllimidir. Danışır ki, onu iki düşərgədə dərs keçməyə məcbur edidlər. Dediyinə görə, orada saxlanılanlar işgəncələrə, alçaldıcı rəftara məruz qalıblar, doğuma məcburi nəzarət edilib.

Qalbinur Sidiq bu düşərgələrdə təxminən doqquz ay işləyib. 2017-ci ildə onun özünü də məcburi sterilizasiya ediblər. Başına gələn bu dəhşətli hadisədən sonra o 2019-cu ildə Niderlanda köçməli olub.

“Yalvardım ki, məni əməliyyata aparmasınlar. Dedim ki, daha uşaq doğa bilmərəm və istəmirəm. Amma yenə də məni sterilizasiya etdilər”, – 55 yaşlı qadın AzadlıqRadiosunun Balkan Xidmətinə danışıb.

Son səkkiz ildə Çinin Sincan bölgəsində 1 milyondan çox müsəlmanın, uyğurların, qazaxların, qırğızların, taciklərin və özbəklərin sərt mühafizə olunan həbs düşərgələrinə aparıldığı güman edilir.

Pekin bu düşərgələri dini ekstremizmlə mübarizə məqsədilə təlim mərkəzləri adlandırır. Ancaq hüquq müdafiəçiləri, beynəlxalq qurumlar, keçmiş məhbuslar bu məkanlarda təcavüz, məcburi abortlar və məcburi əmək hallarını ictimailəşdiriblər.

Bəzi insan haqları qurumları, Qərb ölkələrinin parlamentləri Çini Sincanda soyqırımı törətməkdə suçlasa da, Pekin bu iddiaları rədd edir.

“Qışqırıq səsləri gəlirdi”

Etnik özbək olan Qəlbinur Sidiq Sincanın paytaxtı Urumçidə ibtidai məktəbdə müəllim işləyib. 2017-ci ilin fevralında rəsmi orqanlara çağrılıb.

Onu yeni işini qəbul etməyə məcbur ediblər: kişilər üçün bir internat tipli düşərgədə Çin dilini tədris etməliydi. Sidiqə bu haqda heç kimə danışmamağı tapşırıblar. Onu işə polis əməkdaşı aparıb gətirirmiş.

“İnsanlar otaqlara, yəni ‘siniflərə’ əlləri və ayaqları bağlı şəkildə sürünərək gəlirdilər. Onlara olmazın əziyyət verirdilər. Bəzən qonşu otaqlardan qışqırıq səsləri gəlirdi, kömək istəyirdilər”, – o, Sarayevoda bir tədbirdə AzadlıqRadiosuna bunları söyləyib.

Sidiqin sözlərinə görə, düşərgədə saxlanılanların hamısı uyğur olub. Uyğurlar Çinin şimal-qərbində yaşayan və türk dillərində danışan etnik azlıqdır. Sincanda vaxtilə kiçik miqyasda separatçı hərəkat baş verib, bundan sonra dövlət sərt təzyiqlərə başlayıb.

Sidiq deyir ki, orada saxlanılanlar “yalnız din xadimləri deyildi, müxtəlif təbəqələrdən insanlar vardı: alimlər, iş adamları, xeyriyyəçilər, həkimlər və hətta xaricdə təhsil almış şəxslər”. Bu isə hökumətin guya “savadızları maarifləndirmək üçün” düşərgələr qurması iddiasını yalanlayır.

“Bu insanlara əlavə təhsil gərək deyildi, çoxu yüksək təhsilli idi. Onların yeganə ‘cinayəti’ uyğur olmaları idi”, – Sidiq danışır.

Düşərgələrdə saxlanılanlara Çin dili intensiv öyrədilir, vətənpərvər Çin mahnıları oxumağa məcbur edilirlər. Onlara Çin Kommunist Partiyasının siyasətini təbliğ edən videolar göstərirlər. Düşərgə sakinlərinin çoxu kameralarda saxlanılır.

Ersin Erkinuly adlı etnik qazax isə Çini tərk edib. O, təlim düşərgəsinə salınacağından qorxaraq qaçdığını deyir.

Zorən sterilizasiya

Altı ay sonra Qəlbinur Sidiq yalnız qadınların saxlanıldığı başqa bir düşərgəyə köçürülüb. Orada isə o, doğumun məcburi nəzarətdə saxlanıldığına şahid olub.

“Orada bütün qadınları məcburi sterilizasiya etmişdilər. Onlara adını bilmədikləri dərmanlar verilirdi, bu dərmanlar isə aybaşını dayandırırdı. Hətta evli olmayan qızlar belə zorla sterilizasiya olunurdu”, – Sidiq söyləyir.

O, gənc bir qadının xərəkdə aparıldığını, sonradan öldüyünü yada salır:

“Onun 19 yaşı olardı. Məncə, bədəni bu qədər dərmana dözməmişdi”.

Sidiqin özünə də hamilə qalmasını önləmək üçün uşaqlıqdaxili spiral (IUD) qoyulub. Baxmayaraq ki, onda 47 yaşında idi…

Spiral şiddətli qanaxma yaradıb, Sidiqin daimi ağrıları olub. Səhhəti pisləşdiyindən onu vaxtından əvvəl təqaüdə göndərib, özünü də sterilizasiya əməliyyatı ediblər:

“Məni başqaları kimi dərman içməyə məcbur etmədilər, amma əməliyyat etdilər”.

Çindən çıxış

Çin hakimiyyəti uyğurların, digər müsəlman azlıqların ölkədən çıxmasını demək olar mümkünsüz edib. Amma Qəlbinur Sidiq Avropaya köçməyi bacarıb, bundan ötrü bir çox bürokratik əngəli və maneəni dəf edib.

Sidiqin Niderlandda yaşayan qızı ona Avropaya gəlməsi üçün dəvət məktubu göndərib. Sidiq bu dəvətlə pasport ala bilib, amma proses təxminən doqquz ay çəkib. Onun uyğur həyat yoldaşına isə ölkədən çıxmağa icazə verilməyib.

“Əsas məsələ mənim etnik özbək olmağım idi. Uyğur olsaydım, heç vaxt ölkədən çıxa bilməzdim”, – Sidiq danışır.

Sidiq 2019-cu ildə Niderlanda gedib, orada siyasi sığınacaq alıb. O vaxtdan bəri Çində uyğurlara və digər müsəlman azlıqların məruz qaldığı repressiyalardan açıq danışır. O, Pekinin hədəfinə çevrilib.

Çin polisi Sidiqlə əlaqə saxlayaraq onu hədələyib, ərinə təzyiq göstərib.

“Mənə dedilər ki, ‘Belə etmə. Bizə qulaq assan, ərinin ölkədən çıxmasına kömək edərik. Ya da sən qayıdarsan, bir yerdə olarsız’”.

Amma qadın imtina edib: “İstədiyinizi edin. Susmayacağam. Belə də dedim”.

Sidiq bildirib ki, ərini onu boşamağa məcbur ediblər və hazırda onunla heç bir əlaqəsi yoxdur.

 

Məqaləni AzadlıqRadiosunun jurnalisti Frud Bejan radionun Balkan xidmətindən Meliha Kesmerin reportajı əsasında yazıb.

 

Tacxeber.com

Bizimlə əlaqə:[email protected]

Oxşar xəbərlər

Milyarder olmaq necə hissdir? – Qeytsin keçmiş xanımı açıqladı

redaktor

Zelenski işğaldan azad edilən Xersona səfər edib – FOTO/VİDEO

admin

“Ukraynalı hərbçilər yeni “əjdaha-dronlar”dan istifadə etməyə başlayıb” – CNN

redaktor