21 C
Bakı
18 Sentyabr 2025 10:41
DünyaHadisəMuharibə

Qəzza şəhərinə gecə zərbələr endirilib. İsrailin müdafiə naziri: Qəzza yanır

İsrail ordusu sentyabrın 15-də Qəzza şəhərini tutmaq üçün quru əməliyyatlarına başlayıb. Xəbəri “Axios” İsrail rəsmilərinə istinadla yayıb.

“Qəzza yanır”. Bunu isə İsrailin müdafiə naziri İsrael Kats sentyabrın 16-da Qəzza şəhərinə ağır gecə zərbələrindən sonra deyib.

ABŞ-nin dövlət katibi Marko Rubio sentyabrın 15-də İsraildən Qətərə yola düşərkən jurnalistlərə hücumun artıq başladığını deyib. “İsraillilər artıq orada əməliyyatlara başlayıblar. Fikrimizcə, razılaşma əldə etmək üçün çox qısa bir zaman kəsiyimiz var. Artıq aylar deyil, bir neçə günümüz, yaxud həftəmiz qalıb”, – Rubio bildirib.

AP yazır ki, İsrail ordusu hücumun rəsmi başlayıb-başlamaması ilə bağlı sualları cavablandırmayıb.

Netanyahu və Rubio bazar ertəsi deyiblər ki, Qəzzadakı münaqişəyə son qoymağın yeganə yolu ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS-ın məhv edilməsidir, 48 girov isə azad olunmalıdır. Onların təxminən 20-nin sağ olduğu güman edilir.

HƏMAS isə qalan girovları yalnız fələstinli məhbusların azad olunması, daimi atəşkəs və İsrailin Qəzzadan tam çıxması qarşılığında buraxacağını deyib.

Marko Rubio və Benyamin Netanyahu
15 sentyabr

Netanyahu: ABŞ və İsrail təhlükəsizliklərini birlikdə təmin edəcəklər

İsrail və ABŞ iki ölkəni qorumaq üçün birgə işi davam etdirəcəklər. Bunu İsrailin baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Marko Rubio ilə birgə mətbuat konfransında deyib.

Rubio İsrailə Vaşinqtonun Yaxın Şərqdəki digər müttəfiqləri ilə münasibətlərinin gərginləşdiyi bir vaxtda səfər edir. Əlaqələr İsrailin Qətərdə HƏMAS liderlərinə son zərbəsi, İordan çayının Qərb sahilində İsrail yaşayış məntəqələrinin genişlənməsindən dolayı gərgindir.

ABŞ, Avropa İttifaqı və İsrail HƏMAS-ı terror təşkilatı kimi tanınır.

“Rubionun səfəri ABŞ-nin terrora qarşı İsrailin yanında dayanmasına açıq siqnaldır”, – Netanyahu vurğulayıb.

B.Netanyahu HƏMAS liderlərinə “harada olmalarından asılı olmayaraq” zərbələr endiriləcəyini istisna etməyib.

Dövlət katibi M.Rubio da HƏMAS-ın tərksilah edilməsinin vacibliyini vurğulayıb.

“HƏMAS bölgədə sülhə və təhlükəsizliyə təhdid yarada bilən silahlı qüvvə kimi mövcudluğunu dayandırmalıdır”, – o bildirib.

Rubio əlavə edib ki, Vaşinqton HƏMAS-ı dəstəkləyən İrana qarşı maksimum təzyiqləri Tehran siyasətini dəyişənəcən davam etdirəcək.

Sentyabrın 9-da İsrail ordusu Qətərin paytaxtı Dohada HƏMAS rəhbərliyinə zərbə endirib. Təl-Əviv bu zərbənin sentyabrın 8-də Qüdsdəki terror aktına cavab olduğunu bildirib. Həmin teraktda altı israilli həlak olub.

Avqustun 29-da isə Qəzzada döyüşlərdəki gündəlik “taktiki” fasilələr ləğv olunub. Bu fasilələrdə dinc əhaliyə yardım çatdırılırdı.

2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin cənubuna hücum edib, təxminən 1200 nəfər həlak olub, 251 nəfər girov götürülüb. Bu hücuma cavab olaraq İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb. O vaxtdan bəri Qəzzada 60 mindən çox insanın öldürüldüyü bildirilir. HƏMAS-ın nəzarətində olan ərazinin səhiyyə nazirliyinin məlumatına görə, indiyədək 200-ə yaxın şəxs aclıqdan həyatını itirib və onların arasında uşaqlar çoxluq təşkil edir. (AzadlıqRadiosu)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Krım körpüsünün ömrünə çox az qalıb: “Onun məhvi üçün silahımız var…”- Hərbi ekspert

admin

Rusiyalı jurnalistlər vuruldu – Həlak olan və yaralananlar var

redaktor

Müharibədəki uğurun səbəbi bu iki ölkədir

admin