Rusiya dronu Rumıniyanın hava məkanını pozdu və Rumıniya Hərbi Hava Qüvvələri tərəfindən(F-16 qırıcısı ilə) vuruldu. Məntiqli sual yaranır: Putinin belə risklərə getməsinə, NATO-nu təxribata çəkməsinə nə ehtiyac var? Cavab hərbi müstəvidə deyil, siyasi-psixoloji müstəvidədir. Moskva bu kimi insidentləri Ukraynanın müttəfiqlərinə təzyiq vasitəsi kimi istifadə edir, qorxu, şübhə və parçalanma toxumları səpməyə çalışır.
Putinin əsas məqsədi bu gün Ukraynaya dəstəkdə mühüm rol oynayan ölkələri qorxutmaqdır. Bu günə söhbət Polşa və Rumıniyadan gedir. Hər iki ölkə silah və texnika tədarükündə həlledici logistika arteriyalarına çevrilib, Ukrayna ordusunun fəaliyyətini təmin edir. Rumıniya göz önündə NATO-nun şərq cinahında böyük hərbi mərkəzə çevrilir. Məhz buna görə də o, Rusiyanın siyasi və hərbi təxribatlarının hədəfinə çevrilib.
Putin üçün bu addımlar güc nümayişi yox, Qərbin birliyini və qətiyyətini sınağa çəkməkdir. O göstərmək istəyir ki, NATO-nun hava sərhədlərini poza bilər və cəzasız qala bilər, ümid edir ki, alyansın reaksiyası zəif və qərarsız olacaq. Əgər Buxarestdə və ya Varşavada NATO-nun 5-ci maddəsinin tam etibarlılığına dair şübhələr yaranarsa, bu, artıq Moskvanın qələbəsi deməkdir.
Bundan başqa, Kreml ABŞ-dakı daxili siyasi vəziyyətdən də istifadə edir. Putin Donald Trampın siyasi impotensiyasına güvənir. Tramp dəfələrlə NATO-nun dəyərini sual altına alıb və alyansa skeptik yanaşıb. Moskva bu şəraitdən yararlanaraq müttəfiqlər arasında etimadsızlıq toxumları səpməyə, Qərb blokunda parçalanma yaratmağa və əsas logistika ölkələrini kollektiv təhlükəsizliyə şübhə ilə yanaşmağa vadar etməyə çalışır.
Beləliklə, Rumıniyanın hava məkanının pozulması təsadüfi hadisə və ya səhv deyil(Tramp demişdi ki, bəlkə bu təsadüfən olub). Bu, Qərbin birliyini möhkəmliyə sınamaq üçün diqqətlə hesablanmış addımdır. Putin anlayır ki, hərbi yolla Ukraynaya dəstəyi sındıra bilməz, ona görə də psixoloji təzyiq və təxribat taktikasını seçir. O ümid edir ki, bir gün NATO daxilində şübhə toxunmları həmrəyliyi üstələyəcək.
Daha bir maraqlı məqam ondadır ki, Rusiya dronunun Rumıniya hava məkənına daxil olması Trampın “bu mənim yox, Bayden və Zelenskinin müharibəsidir” deməsinsən sonra baş verdi. Fikir verin ki, Tramp Putinin heç adını da çəkmir. Təbii ki, Trampın bu siyasi impotentliyi Putini ilhamlandırır.
Mənim fikrimcə ən optimal variant və Putinə adekvat cavab Rumıniya və Polşa HHM sistemlərinin Ukraynanın Qərbində yerləşdirməkdir. Bu həm Ukrayna HHQ-nin işini yungülləşdirəcək, həm də cəbhə xəttinə yaxın ərazilərdə daha çox HHM sistemləri yerləşdirməyə imkan verəcək.