Çində ilk dəfə olaraq donuzun ağciyərləri insan orqanizminə köçürülüb.
Tacxeber.com bildirir ki, bu barədə “Nature” jurnalında dərc olunan araşdırmadan məlum olub.
Əməliyyat beyni ölmüş 39 yaşlı kişi üzərində aparılıb və geni dəyişdirilmiş donuzun köçürülmüş sol ağciyəri 9 gün ərzində yaşam qabiliyətini saxlayıb. Tədqiqatçıların fikrincə, ağciyər hiperkəskin rədd reaksiyasına səbəb olmayıb və 216 saat ərzində fəaliyyətini davam etdirib.
Transplantasiyadan bir gün sonra maye yığılması və toxuma zədələnməsi əlamətləri görünüb. Ehtimal olunur ki, buna prosedurla əlaqəli iltihab səbəb olub.
Mütəxəssislər bu uğurun yalnız qismən olduğunu vurğulayırlar. Nyu-York Universitetinin Langone Transplantasiya İnstitutundan doktor Castin Çan işi perspektivli adlandırıb, lakin qeyd edib ki, transplantasiya edilmiş ağciyərlər hələ ki, xəstənin həyatını müstəqil şəkildə təmin etmək iqtidarında deyil.
“Nature” yazır ki, ksenotransplantasiya və ya heyvan orqanlarının insanlara transplantasiyası son illərdə fəal şəkildə öyrənilir. Donuz orqanlarının genetik modifikasiyası rədd edilmə riskini azalda bilər, lakin immunitet sisteminin çirklənmə və infeksiyaya qarşı yüksək həssaslığı səbəbindən ağciyərlərin transplantasiyası xüsusilə çətin olaraq qalır.