Rusiya prezidenti Vladimir Putin “yırtıcıdır, qapımızın önündə duran nəhəng əjdahadır və sağ qalmaq üçün yeməyə davam etməlidir”, – deyə Fransa prezidenti Emmanuel Makron bu gün bildirib və Avropalıları Rusiyaya qarşı “sadəlövh olmamağa” çağırıb. Onun sözlərinə görə, Rusiya “uzunmüddətli destabilizasiya edən qüvvə olaraq qalacaq”.
“2007–2008-ci ildən (Rusiyanın Gürcüstana müdaxiləsi dövründən – AFP) bəri prezident Putin öhdəliklərinə nadir hallarda əməl edib. O, daim destabilizasiya edən qüvvə olub. Sərhədləri yenidən cızmaqla hakimiyyətini genişləndirməyə çalışıb”, – deyə Fransa prezidenti LCI telekanalına müsahibəsində vurğulayıb.
Fransız lider qeyd edib ki, “Rusiya uzunmüddətli destabilizasiya edən qüvvəyə və bir çoxumuz üçün potensial təhdidə çevrilib”.
“O ölkə ki, büdcəsinin 40 faizini hərbi texnikaya yatırır, 1,3 milyondan çox əsgər səfərbər edib — sabahdan sülh və açıq demokratik sistemə qayıtmayacaq”, – deyə o xəbərdarlıq edib.
“Beləliklə, sağ qalması üçün (Putin) yeməyə davam etməlidir. Bax məsələ budur. O, yırtıcıdır, qapımızın ağzında duran nəhəng əjdahadır. Sabah Fransaya hücum olunacağını demirəm, amma bu, avropalılar üçün təhdiddir. Sadəlövh olmamalıyıq”, – deyə Makron bildirib.
NBC telekanalına verdiyi digər müsahibədə isə Makron gizlətməyib ki, Donald Trampın sülh sazişinə nail olunacağına dair nikbinliyini paylaşmır.
“Mən vəziyyətə və faktlara baxanda prezident Putinin hazırda sülh istədiyini görmürəm, bəlkə də həddindən artıq bədbinəm”, – deyə Fransa prezidenti vurğulayıb.