“Demokratiya ideal siyasi sistem deyil, amma bəşəriyyət hələ bundan yaxşısını icad etməyib.”
Vinston Çörçill.
Son zamanlar Azərbaycan sosial mediasına belə bir fikir ortaya atılıb ki, sən demə avtoritarizm, tək adam hakimiyyəti demokratiyadan daha məqbul siyasi sistemdir Azərbaycan üçün.
Bu adamlar ya tarixi bilmirlər, ya da bilərəkdən cəmiyyəti aldatmaq istəyirlər. Bu gün dünyada ən inkişaf etmiş ölkələrinin hamısı demokratik idarəetməyə malikdir. Heç bir avtoritar rejim uzunmüddətli tərəqqi gətirməyib. Avtoritarizm yalnız müvəqqəti sabitlik görüntüsü yaradır, amma kökündə korrupsiya, haqsızlıq və ədalətsizlik olduöundan uzaq prespektivdə bu siyasi sistemlər iflasa məhkumdur. Tarixdə son yüz ildə bu tip idarəetməyə malik onlarla rejimin necə süqut etdiyini internet axtarış sistemlərindən istifadə etməklə tapmaq mümkündür. Elə gözlərimiz önündə son bir neçə ildə neçə belə sistem ən ürvatsız formada diz çöküblər. Bəşər Əsədin dədəsinin sümüklərin məzardan çıxarılıb ətrafa səpələnməsi çox uzaq olan tarix deyil.
Belə yaramaz sistemlərdə vətəndaşın heç bir haqqı yoxdur, dövlət yalnız hakimiyyətin, bir qrup adamın şəxsi maraqlarına xidmət edir. Demokratiya isə vətəndaşa öz sözünü demək, ədaləti tələb etmək və gələcəyini müəyyən etmək imkanı yaradır. Avtoritar, diktatura tipli rejimlər inkişafı deyil, qorxu və itaəti gücləndirirlər. Bir qrup şəxsin varlanması fonunda milyonlarla insan ən zəruri ehtiyaclarını ödəmək üçün ölüm-dirim savaşına mübtəla edilirlər. Suverenliyi, sabitliyi əsas gətirən bu şəxslər milyonlarla insanın səssiz ölümünü görməzdən gəlirlər.
Bu cür neqativ ideyaların cəmiyyətə sırınmasının isə bir “ali məqsədi” var: insanların, toplumun dəyişiklik arzusunu öldürmək, onları bu əzazil idarəetməyə boyun əyməyə məcbur etmək üçün pessimizmə sürükləmək.
Demokratik institutlar olmadan nə ədalət, nə iqtisadi yüksəliş, nə də dayanıqlı gələcək qurmaq mümkündür. Ona görə də avtoritarizmi müdafiə etmək sadəcə manipulyasiya və saxta təbliğatdan başqa bir şey deyil.
Qarabağın işğaldan geosiyasi şərtlərin diqtəsi ilə və qəhrəman şəhidlərimizin qanı bahasına azad olunmasını öz adına yazan adamların ölkəsində vətəndaşın işğaldan azad edilmiş bölgələrə səyahət etməyə maddi imkanı yoxdursa, bu idarəetməni qatlayıb, büküb bir münasib yerə qoymaq lazımdır.