29 C
Bakı
11 Avqust 2025 16:59
DigərDünyaHadisəMuharibəSiyasət

Sülh yalnız imzalarla deyil, azadlıqla başlayır

Ermənistan və Azərbaycan arasında gözlənilən sülh müqaviləsi regionda illərlə davam edən münaqişələrə son verə biləcək tarixi fürsətdir. Lakin real və davamlı sülh təkcə sənədlərin imzalanması ilə deyil, ədalət və insan haqlarına hörmət üzərində qurula bilər. Əgər bu proses həbsxanalarda saxlanılan hərbi əsirlərin və siyasi məhbusların azad edilməsi ilə müşayiət olunmazsa, bütün müqavilələr sadəcə kağız üzərində qalacaq.

Bu gün Azərbaycan həbsxanalarında hələ də erməni hərbi əsirləri saxlanılır. Onların bir qismi 2020-ci il müharibəsində, digərləri isə sonrakı sərhəd toqquşmalarında əsir götürülüb. Beynəlxalq humanitar hüquqa görə, müharibə bitdikdən sonra bütün hərbi əsirlər geri qaytarılmalıdır. Əgər Bakı və Yerevan həqiqətən sülh istəyirsə, bir-birilərinə qarşı qarşılıqlı etimad yaradan jestlər etməlidirlər.

Azərbaycan və Ermənistan hər iki tərəfdən böyük insan itkiləri verib, cəmiyyətlər dərin travmalar yaşayıb. Lakin düşmənçiliyin davamı yalnız yeni itkilər və yeni göz yaşlarından başqa bir şey gətirməyəcək. Rusiyanın regiondakı maraqları bu qarşıdurmanı onilliklərlə uzadıb, artıq bu mənasız düşmənçiliyə son qoymağın vaxtıdır.

Eyni zamanda, Azərbaycanın daxilində də ədalət böhranı dərinləşib. Hazırda ölkədə 375 siyasi məhbus var. Onların arasında jurnalistlər, siyasi fəallar, hüquq müdafiəçiləri və sosial media fəalları da var. Daxildə siyasi barışıq olmadan, xaricdə davamlı sülh qurmaq mümkün deyil. Bütün siyasi məhbuslar dərhal azad edilməlidir.

Sülh yalnız silahların susması deyil, həm də vicdanların azad olmasıdır. Qarabağdan ABŞ-a qədər uzanan barış prosesinin başlanğıcı həbsxana qapılarının açılması və insanların azadlığı ilə mümkündür. Əks halda, imzalanacaq hər bir “sülh müqaviləsi” növbəti böhranın başlanğıcından başqa bir şey olmayacaq.

 

Bəhruz Əliyev

Tacxeber.com

Oxşar xəbərlər

İcra başçısı: “Şuşaya gedib nə edəcəyəm?”

redaktor

Deputat Samir Vəliyev özünü rüsvay etdi.

admin

Berlində İlon Maskın mağazasına boya tökdülər

redaktor