Ukrayna hərbi kəşfiyyatı Rusiya strateji qüvvələrinə daxil olan və “Borey” sinfinə məxsus olan ən yeni atom sualtı qayığı – “Knyaz Pojiarskiy” ilə bağlı məxfi məlumatları ələ keçirdiyini bildirib. Bu barədə The Times məlumat yayıb.
Bəyanata əsasən, Ukraynanın ixtiyarına döyüş təlimatları, texniki sxemlər, mühəndis hesabatları, ekipaj siyahıları, əməliyyat qrafikləri və ekipajın sağ qalma tədbirləri barədə məlumatlar keçib. Nəşrin qeyd etdiyinə görə, bu haker hücumu təkcə həmin sualtı qayığı deyil, “Borey” layihəsinə aid bütün sualtı donanmanı təhlükə altına qoya bilər. Bu donanma Rusiyanın Arktikadakı mövcudluğunun əsas elementlərindən sayılır.
Mütəxəssislər bu sızıntını “misli görünməmiş” adlandırır və onun regionda strateji tarazlığa ciddi təsir edə biləcəyini vurğulayırlar.