32 C
Bakı
02 Avqust 2025 13:34
DünyaİqtisadiyyatQalmaqalSiyasət

Azərbaycan İranın Bakıdakı səfirliyindən 4.3 milyon manat icarə haqqı tələb edir

Azərbaycanın dövlət strukturları iddia edir ki, İranın Bakıdakı səfirliyi 30 ilə yaxındır icarəhaqqı ödəməkdən yayınır. Səfirlik özünün və ona tabe qurumların yerləşdiyi binalara görə ötən dövr ərzində 4 milyon manatdan çox icarəhaqqı ödəməməkdə, bu yolla əsassız varlanmaqda suçlanır.

Həmin binalarda səfirliyin Mədəniyyət Mərkəzi, təhsil kompleksi, İran Radio-Televiziyasının Bakı nümayəndəliyi və başqa qurumlar yerləşir. Diplomatik və rəsmi nümayəndəliklərin binalarının yerləşdiyi torpaq sahələrilə bağlı icarə müqavilələrinin olmaması da iddia edilir.

AzadlıqRadiosuna verilən bilgiyə görə, paytaxtın Yasamal, Nərimanov, Xətai rayonlarında yerləşən və mübahisə predmeti olan 8 daşınmaz əmlak səfirliyin mülkiyyətindədir. Müxtəlif vaxtlarda onlar alqı-satqı yoluyla alınıb və buna əsaslanaraq, icarəhaqqı ödənilməyib.

Əmlak Məsələləri Dövlət Xidməti bildirir ki, əmlaklar İran səfirliyinin mülkiyyətində olsa belə, yenə də icarəhaqqı ödənilməliydi. Bu qurum deyir ki, tikililər səfirliyin mülkiyyətində olsa da, qanuna görə, onların yerləşdiyi torpaq sahəsi onun mülkiyyətində ola bilməz. Torpaq Məcəlləsinə əsasən, bu ölkədə yalnız Azərbaycanın vətəndaş və hüquqi şəxsləri torpaq sahələrinə mülkiyyət, ondan istifadə və icarə hüququ əldə edə bilərlər. Əcnəbilər, beynəlxalq təşkilatlar və s. torpaq sahələrindən yalnız icarə hüququ təməlində yararlana bilər.

Ödəniş problemi iki il öncədən başlanıb

Azərbaycanın dövlət strukturlarıyla səfirlik arasında icarə ödənişi problemi 2023-cü ildən başlansa da, tələb edilən icarə ödənişi 1996-cı ildən hesablanır.

Müxtəlif ərazilərdə yerləşən 8 əmlakla bağlı toplam 4 milyon 312 min manatlıq icarəhaqqı tələbi irəli sürülüb. Öncə xəbərdarlıq məktubu göndərilib, sonra səfirliyə qarşı məhkəmədə iddia qaldırılıb.

Səfirlik bu iddiaya yerli məhkəmədə baxılmasına etiraz edib və bildirib ki: “Beynəlxalq hüququn norma və prinsiplərinə əsasən, bu iddiaya yerli məhkəmədə baxıla bilməz”. Qiymətləndirmə 2023-cü ildə aparıldığı halda, borcun 1996-cı ildən hesablanmasına da etiraz olunub. Amma məhkəmə iddianı təmin edib və səfirliyin üzərinə 1996-cı ildən bəri yığılmış icarə haqlarını Azərbaycan dövlətinə ödəmək öhdəliyi qoyub.

Azərbaycanın İranla münasibətləri 2023-cü ilin əvvəlində Tehrandakı səfirliyə hücumdan sonra xeyli gərginləşib. Həmin il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə “Kalaşnikov” avtomatı ilə silahlı hücumda səfirliyin bir əməkdaşı həlak olub, ikisi xəsarət alıb. Amma son vaxtlar iki ölkənin münasibətlərində müəyyən yaxınlaşma müşahidə edilir. Hətta birgə hərbi təlimlər də keçiriblər.

Bununla belə, ötən ay İranla İsrail arasında bir neçə həftə çəkən toqquşmalardan sonra bu ölkədən Azərbaycan əleyhinə də fikirlər səslənmişdi. Azərbaycan rəsmiləri isə İran İsrail münaqişəsində neytral olduqlarını deyirlər. (Azadlıq Radiosu)

Tacxeber.com

Oxşar xəbərlər

Netanyahu ABŞ-a yeni səfir təyin etdi

redaktor

Bayden: “Müsəlmanların səxavəti məni heyran etdi”

redaktor

Azərbaycan deputatından güneydəki soydaşlarımıza çağırış: “Ayağa qalxın…”

redaktor