Vaxtilə tarix kitablarından oxudumuz ibrətamiz mənzərələri reallıqda seyr etməkdəyik…
Bu gün Elmlər Akademiyasının parkında kitab satan dostlarımız Əvəz Zeynallı və Kəramət Böyükçölü ziyarət etdim. Yadıma böyük Mirzə Ələkbər Sabirin dükanda sabun satması düşdü. Tarix təkrar olur, deyəsən.
Bu görüşdən bir həkim kimi, həm də Əvəz Zeynallını yaxından görmək və onun sağlamlıq durumunu dəyərləndirmək fürsəti qazandım. Etiraf edim ki, onun səhhətindəki təlatümləri duyub xeyli məyus oldum… Situasiya xeyli ciddidir. Bioptatın histoloji müayinəsinin nəticələrində cancerin fenotipi mutagen xarakterli olması proqnozun ciddi olmasına işarədir. Detallara getmək istəmirəm, sadəcə qeyd etməyi özümə borc bilirəm ki, əgər Əvəz bəy adekvat müalicə almazsa, biz onu itirə bilərik. Bunu bütün xalqımız və onun milli-vətənpərvər kəsimi bilməli və nəzərə almalıdır. Dediklərimi xəstənin sirrinin ictimailəşdirilməsi kimi qəbul etməyin, lütfən. Zatən, Əvəz bəy də tanınmış ictimai fiqurdur.
Əvəz bəy 90-cı illərdə Türkiyəyə göndərilən milli ruhlu tələbələrin sırasında olub, orada uğurla ali təhsil alıb və millətimizə fayda verəcək yetərincə intellektual potensiala malikdir. Onun xalqımız qarşısında ən böyük xidməti isə milli-vətənpərvər və demokratik ruhlu ziyalı kimi azad sözün keşiyində mətanətlə dayanmasıdır.
Bu gün xalqını səmimi qəlbdən sevən, ona fədakarlıqla xidmət edən Əvəz Zeynallı kimi insanın, bir tərəfdən, proqnozu ciddi olan xəstəliyi, digər tərəfdən isə müalicə üçün aldığı ağır immunoterapiya və hədəf preparatlarının yan etkiləri fonunda, çəkisini hiss olunacaq dərəcədə itirməsi, zəifləməsi, rənginin qaralması, bir sözlə, canı ilə əlləşməsi ürək dağlayıcı faktdır! Belə bir durumda, bahalı müalicənin növbəti kursunun öhdəsindən gəlmək üçün qızmar günəş şüaları altında kitab satmağa məcbur qalması isə son dərəcə düşündürücü və mən deyərdim, üzücüdür.
Biz hamılıqla ona sahib çıxmalıyıq!
Bu bir insanlıq və mərhəmət sınağıdır!