I Hissə: Gürcüstanda və İsveçrədə çirkli pullar, siyasi manipulyasiyalar və mühacirlərə təzyiqlər
İllərdir Azərbaycan cəmiyyətinə “dövlətin fəxri” kimi təqdim olunan Dövlət Neft Şirkəti SOCAR, əslində İlham Əliyev rejiminin çirkli pulların yuyulması, siyasi təqib və xarici təsir üçün istifadə etdiyi əsas alətlərdən birinə çevrilib. Azərbaycanın sərhədlərindən kənarda, xüsusilə Gürcüstan və İsveçrədə, SOCAR təkcə iqtisadi subyekt deyil, eyni zamanda rejimin xarici casusluq, korrupsiya və repressiya maşınının əsas dayağı kimi çıxış edir.
Gürcüstandakı fəaliyyət: SOCAR-ın Gürcüstandakı nümayəndəliyi enerji sektoruna nəzarətdən daha çox, siyasi təsir mərkəzi rolunu oynayır. Şirkətin rəhbəri Mahir Məmmədov uzun illərdir Gürcüstanın oliqarxik sistemi, xüsusilə Bidzina İvanişvilinin təsis etdiyi hakimiyyət quruluşu ilə yaxın əməkdaşlıq qurub. SOCAR-ın milyardlarla dəyərində layihələri iqtisadi inkişafdan çox, hakim “Gürcü Arzusu” partiyasının maliyyələşdirilməsi, ictimai rəyin manipulyasiyası və azərbaycanlı fəallara təzyiq məqsədi daşıyır. Gürcüstandakı siyasi fəallar bildirirlər ki, SOCAR yerli təhlükəsizlik və siyasi strukturlarla qeyri-rəsmi əlaqələr saxlayaraq, Azərbaycandan olan fəalları hədəf alır. Hətta iddialar mövcuddur ki, Gürcüstanda baş verən etiraz aksiyaları zamanı SOCAR-ın dəstəyi ilə Azərbaycandan gətirilmiş fiziki hazırlıqlı şəxslər aksiya iştirakçılarına qarşı istifadə olunub.
İsveçrədəki fəaliyyət:İİsveçrə SOCAR üçün yalnız maliyyə əməliyyatları üçün əlverişli mühit deyil, həm də Azərbaycan rejiminin çirkli pullarını “ağartdığı”, təsir dairəsini genişləndirdiyi və nüfuz satın aldığı bir məkandır. Burada ofşor şirkətlər, banklar və hüquq firmaları vasitəsilə milyardlarla avro dəyərində tranzaksiyalar həyata keçirilir. SOCAR, Azərbaycan hakimiyyətinin beynəlxalq aləmdə legitim görünmək üçün istifadə etdiyi imic yuma maşınının da əsas dayaq nöqtələrindən biridir. UEFA, Formula-1 və Davos Forumu kimi nüfuzlu beynəlxalq tədbirlərə sponsorluq etməklə, rejim daxildəki insan haqları pozuntularını və siyasi repressiyaları beynəlxalq ictimaiyyətin diqqətindən yayındırmağa çalışır. Xüsusilə İsveçrədə yaşayan jurnalistlər və siyasi fəallar SOCAR-ın birbaşa və dolayı təsir dairəsinə düşürülməyə çalışırlar. Siyasi sığınacaq üçün müraciət edən şəxslərin prosesləri süni şəkildə ləngidilir, onların reputasiyasına zərbə vurmaq üçün qarayaxma kampaniyaları aparılır. Bu təzyiqlərin nəticəsində bəzi hallarda mühacirlər psixoloji sarsıntı, hətta ölüm hallarına qədər aparan ciddi nəticələrlə üzləşirlər.
İsveçrədə yaşayan jurnalist Bəhruz Əliyevin açıqlaması: “SOCAR sadəcə enerji şirkəti deyil, rejimin xaricdəki çirkli güc infrastrukturudur. Gürcüstanda Mahir Məmmədov və komandası fəallara qarşı təzyiq vasitəsinə çevrilib. İsveçrədə isə SOCAR-a bağlı oliqarxik şəbəkələr və lobbi mexanizmləri mühacirlərin həyatını məhv etməyə çalışır. Mənim və mənim kimi jurnalistlərin sığınacaq proseslərinin süni şəkildə ləngidilməsi, hüquqi və psixoloji təzyiqlərə məruz qalması bu çirkli maşının bir hissəsidir. SOCAR artıq neft və qazla məhdudlaşmayan, Avropanın içində Azərbaycanın avtoritar rejiminin casus şəbəkəsi, korrupsiya maşını və mühacir ovçusudur. Bu, hər kəsin bilməli olduğu acı həqiqətdir.”
Növbəti yazılarda gözlənilir:
1. SOCAR-ın Gürcüstan parlamentindəki deputat əlaqələri
2. Gürcüstanda seçki manipulyasiyası və SOCAR-ın rolu
3. İsveçrədəki şübhəli ofislər, bank əlaqələri və maliyyə axınları
4. Mühacirlərə qarşı SOCAR dəstəkli repressiya mexanizmləri
5. Avropadakı sponsorlu tədbirlərin pərdəarxası məqsədləri