Qurbanqulu Berdiməhəmmədovun Bakıya səfəri ilk baxışda adi bir diplomatik mərasim, təqvimdə yer alan rəsmi ziyarətlərdən biri kimi görünə bilərdi. Lakin bu səfərin arxasındakı simvollar və mesajlar, onun sıradan diplomatik hadisə olmadığını açıq şəkildə göstərir
Əvvəla, bu səfəri gerçəkləşdirən şəxs sıravi bir dövlət xadimi deyil. O, Türkmənistanın siyasi xəttini müəyyən edən sima–Arxadağdır. Onun Bakıya gəlişi hakimiyyətin ailə daxilində necə bölüşdüyünün və davam etdiyinin canlı nümayişidir. Bu səfər həm də təcrübə mübadiləsidir. İlham Əliyev oğlu Heydər Əliyevlə hakimiyyəti bölüşmək üçün Arxadağdan nələr əxz edəcək?! Gələcəkdə görəcəkləriniz sizi təəccübləndirməsin.
Berdımuhəmmədov oğlunun – prezident Sərdar Berdımuhəmmədovun – siyasi kölgəsi və ideoloji bələdçisi olaraq ölkədə əsas söz sahibidir. O, qismən formal və qismən rəmzi mövqeyi ilə əslində Türkmənistanın sülalə idarəetmə modelinin simvoludur.
Digər tərəfdə isə onu qarşılayan şəxs – İlham Əliyev – atasının qurduğu avtoritar rejimi miras alaraq özünü həm o irsin daşıyıcısı, həm də müasir və müzəffər lider kimi təqdim edən bir fiqurdur. Əliyevin liderliyi də ailə mirasının siyasi kapitallaşdırılması üzərində qurulub. Hələlik hakimiyyətini qismən öz xanımı ilə bölüşür.
Üstəlik, səfərin protokolu – Heydər Əliyevin məzarına çiçək qoyulması, əlamətdar yerlərin birgə ziyarəti – sadəcə rəsmi nəzakət jestləri deyil, həm də siyasi simvolizm manifestidir. Bu addımların hər biri “ailə idarəçiliyi”, “lider kultu” və “tarixi davamlılıq” ideyasını vurğulamaqla iki rejimin ortaq ideoloji kodlarını nümayiş etdirir. Bu, həm daxili auditoriyaya, həm də xarici aktorlara verilən bir mesajdır: “biz eyni sistemin daşıyıcılarıyıq – bir-birimizin legitimliyini tanıyır və gücləndiririk”.
Yəni Berdımuhəmmədovun Bakıya səfəri iki ölkə arasında enerji, tranzit və ticarət əlaqələrinin gücləndirilməsi kimi təqdim olunsa da, əslində postsovet avtoritarizminin sülalə modelinin təntənəli nümayişi və təsdiqi kimi oxunmalıdır (James Nichol, 2007).
Azərbaycan və Türkmənistan son illərdə öz rejimlərini ailədaxili miras və şəxsi hakimiyyət kultu üzərində bərkitmiş ölkələrdir. İlham Əliyev atasının irsini “xalqın iradəsi” kimi təqdim edir, Sərdar Berdımuhəmmədov isə öz atasının kölgəsində prezidentlik edir. Hər iki ölkədə siyasi sistem ailənin ətrafında fırlanır – qərarverici orqanlar, media və ictimaiyyət bu iradəyə mədhiyyə oxumaqdan başqa “azadlığa” sahib deyil (Horák, S. 2016).
Beləliklə, bu iki fiqurun görüşü bir növ “avtoritar miras”ın və “sülalə ardıcıllığının” qarşılıqlı tanınması və möhkəmləndirilməsi və təcrübə mübadiləsi kimi dəyərləndirilməlidir.
“Dostluq” yatağı
Səfərin ən önəmli texniki gündəmi “Dostluq” adlı enerji yatağıdı. Xəzər dənizində illərlə mübahisə mövzusu olan bu sahə 2021-ci ildən Azərbaycan və Türkmənistan arasında bölüşdürülüb. 2021-ci ilin yanvarında imzalanan “Anlaşma Memorandumu” ilə “Kapaz/Serdar” yatağı rəsmi olaraq Dostluq (“Friendship”) yatağı kimi təqdim edildi (Azerbaijan MFA, 2021) Bu yataq Xəzərin dərinliyində yerləşir və təxminən 30 milyard m³ qaz, eləcə də 300 milyon barelə yaxın neft ehtiyatına malikdir (BP Statistical Review of World Energy, 2023). Hüquqi status məsələsi 2018-ci ildə Aktau Konvensiyası ilə həll edilib və bu yataq Trans‑Xəzər qaz kəmərinin (TCGP) mümkün marşrutunda strateji əhəmiyyət kəsb edir (Cambridge University Press, 2019).
TCGP isə Türkmənbaşıdan Bakıya uzanacaq marşrutla həm Avropaya, həm də Türkiyəyə açılacaq enerji axını üçün əsas arteriya rolunu oynayacaq. Bu yataq ətrafında aparılan razılaşmalar həm də böyük oyunların bir hissəsidir – Transxəzər qaz kəməri, Avropaya çıxış, Rusiyanın təsirini balanslaşdırmaq. Amma əsas məqam budur ki, bu layihələr şəffaf və demokratik mühitdə yox, avtoritar ailə rejimlərinin qarşılıqlı etibarına əsaslanaraq aparılır.
Klub diplomatiyası: avtoritarizmin yeni dili
Son illərdə post-sovet məkanında müşahidə olunan regional inteqrasiya cəhdləri təkcə iqtisadi və təhlükəsizlik çərçivələri ilə izah olunmur. Paralel olaraq, daha incə və az öyrənilmiş bir tendensiya formalaşır: rejimlərin bir-birini ideoloji və simvolik səviyyədə tanıması və təsdiqləməsi. Bu, klassik dövlətlərarası diplomatiyadan fərqli olaraq, əsasən avtoritar rejimlər arasında gerçəkləşən “klub diplomatiyası” adlandırıla biləcək bir münasibətlər sistemidir.
Bu klubun üzvləri ideoloji yaxınlıq, rejim quruluşunun oxşarlığı və siyasi sabitlik uğrunda repressiyalara əsaslanan idarəetmə formaları ilə birləşirlər. Sülalə idarəçiliyi, lider kultu, media üzərində total nəzarət, müxalifətin sıradan çıxarılması, və seçki sisteminin faktiki məhvi kimi xüsusiyyətlər bu klubun əsas giriş biletləridir.
Berdımuhəmmədovun Bakıya səfəri bu kontekstdə sadəcə iki ölkə arasında diplomatik münasibətlərin inkişafı deyil, rejimlərarası həmrəyliyin, qarşılıqlı tanınmanın və legitimliyin nümayişidir. Bu cür səfərlər zamanı verilən bəyanatlar, birgə imzalanan sənədlər və ya məkan ziyarətləri rəsmi protokoldan daha çox simvolik məqsədlərə xidmət edir: “Biz oxşarıq, biz birik.”
Əliyevin Berdımuhəmmədovu sanki hələ də ölkənin rəsmi rəhbəri kimi qarşılaması və onunla birlikdə Heydər Əliyevin məzarına – Fəxri Xiyabana baş çəkməsi bir növ bu “avtoritar qardaşlığın” təntənəli mərasimidir. Əslində, burada baş verən “diplomatiya”, həm də rejimlər, sistemlər, daha dəqiq desək, ailəvi hakimiyyət modelləri arasındakı etimad və koordinasiyadır.
Bu cür klub diplomatiyasının məqsədi nədir?
-
Xarici təcriddən qorunmaq: Avtoritar rejimlər beynəlxalq təzyiqlərlə üzləşdikdə, bir-birinə siyasi arxa və diplomatik platforma rolunu oynayırlar.
-
İdeoloji gücləndirmə: Hər bir rejim öz daxili auditoriyasına göstərmək istəyir ki, tək deyil – onun idarəetmə modeli regionda dəstəklənir.
-
Nümunə yaratmaq və ixrac etmək: Uğurlu hesab edilən sülalə modelini qonşu ölkələrə nümayiş etdirməklə onu yaymaq və normalaşdırmaq.