ABŞ-ın vitse-prezidenti, gələcəkdə 37-ci prezidenti olacaq Riçard Nikson ailəsi və Çekers adlı iti ilə. Niksonun siyasi karyerasında bu itin xüsusi yeri var.
Respublikaçı Riçard Nikson 1946-cı ildə Nümayəndələr palatasına, 1950-ci ildə Senata seçildi. 1952-ci ildə 39 yaşında isə vitse-prezidentliyə namizəd göstərildi. Prezidenliyə namizəd isə general Duayt Ayzenhaeur idi.
Hər şey normal gedirdi, lakin sentyabrın ortalarında, seçkilərə ayyarım qalarkən qalmaqal baş verdi. Niksonun öz seçki kampaniyasını maliyyələşdirmək üçün yaratdığı fonddan vəsait mənimsəməsi barədə şayiələr yayıldı. Ortada heç bir sübut yox idi, amma Ayzenhauer seçki ortağını dəyişmək barədə düşünməyə başladı. Taleyinin öz əlində olduğunu anlayan senator, müstəqil hərəkət etməyə qərar verdi.
Riçard Nikson 1952-ci il sentyabrın 23-də o, Los Ancelesə uçdu və orada televiziya vasitəsilə taleyüklü bir çıxış etdi. Bu çıxış öz dövrünün ən geniş yayım hadisəsinə çevrildi – onu təxminən 60 milyon amerikalı izlədi.
Yarım saatlıq çıxışında Nikson öz şəxsi həyatını, ailəsinin maddi vəziyyətini, böyük alış-verişlərini və bu alışlar üçün götürdüyü kreditləri tam şəffaflıqla ictimaiyyətə açıqladı.
Çıxışın əsas ideyası:
– Nikson heç vaxt və heç bir halda dövlət vəsaitindən bir qəpik də götürməyib və götürməyəcək.
– Evinə alınan bütün əşyalar isə ya dürüst zəhmətlə qazanılmış pulla, ya da kreditlə əldə olunub.
Nikson həmçinin, çox yayılmış fikirə qarşı çıxaraq qeyd etdi ki, onun həyat yoldaşı Pətin norka mantosu yoxdur və o, əksər amerikalı qadınlar kimi, sadə və əlçatan yun parçadan tikilmiş 50 dollarlıq palto geyinir.
Və yalnız çıxışın lap sonunda Nikson bir etiraf etdi: “Sizə daha bir şeyi deməliyəm, çünki əgər bunu özüm deməsəm, rəqiblərim yəqin ki, mənə qarşı istifadə edəcəklər: ailəm doğrudan da bir hədiyyə alıb.
Texasdan bir kişi radioda Pətin uşaqlarımızın bir it istədiyini söylədiyini eşidib. İnanın ya inanmayın, amma seçki kampaniyasına çıxmazdan bir gün əvvəl bizə Baltimordakı “Union Station”dan bir bildiriş gəldi. Orada deyilirdi ki, bizim üçün bir bağlama var. Ora getdik. Bilirsiniz, içində nə var idi?
Bu, amerikalı koker-spaniel cinsindən olan bir balaca it idi, daşıma qəfəsində göndərilmişdi. Həmin adam onu Texasdan bizə göndərmişdi. Qara-ağ, ləkəli balaca it. Bizim altı yaşlı qızımız Trişa ona Çekers adını verdi.
Bilirsiniz, uşaqlar — bütün uşaqlar kimi — bu itə çox bağlanıblar. Ona görə də indi açıq deyirəm: rəqiblərim bu məsələ barədə nə deyirlər-desinlər, biz bu iti heç kimə verməyəcəyik!”
Onun çıxışı inanılmaz uğur qazandı, baxmayaraq ki, Nikson özü əvvəlcə onu uğursuz hesab etmişdi. Operatorlardan biri o qədər təsirlənmişdi ki, hətta göz yaşlarını saxlaya bilməmişdi. Çıxış televiziya izləyicilərində də dərin təəssürat oyatdı.
“Çekers nitqi” adını alan çıxış Niksonun siyasi karyerasını xilas etdi. O vitse-prezidentliyə namizəd qaldı, həmin il noyabrın 4-də keçirilən seçkilərdə Ayzenhauer ilə birlikdə qalib gəldi və 8 il vitse-prezident oldu. 1960-cı il prezident seçkilərində Con Kennediyə uduzsa da, 1968-ci ildə revanş götürüb ABŞ-ın 37-ci prezident oldu.
Niksonun səmimiyyət və sadəlik imici yaratmağa çalışdığı “Çekers nitqi” medial strategiya baxımından da dərs kitablarına düşdü.
Bu çıxış ABŞ siyasi tarixində ilk dəfə olaraq televiziyanın seçkilərə güclü təsirinin nümunəsinə çevrildi.
Çekers daha 12 il yaşadı və 1964-cü ildə öldü.
