Rifah birbaşa azadlıqlarla, o cümlədən də iqtisadi fəaliyyət azadlığı ilə bağlı olan məsələdir.
Niyə azərbaycanlılar pul qazanmaq üçün Rusiyaya köç edir. Çünki Azərbaycanda hökumət iqtisadi azadlıqları tamamilə məhv edib. Azərbaycanda insanların sərbəst, öz işini qurub, pul qazanmaq imkanları məhv edilib. Məmur-oliqarx istər ölkə, istər paytaxt, istər regional miqyasda bütün iqtisadi fəaliyyəti zəbt edib. Supermarketlər, torpaqlar, banklar, bazarlar, şadlıq sarayları, restoranlar, hotellər, idxal, ixrac, istehsal hamısı həmin o məmur-oliqarxların monopoliyasındadır. Allah eləməmiş, kimsə müstəqil nə isə iş qurub pul qazananda adamın başına olmazın müsibət gətirib, məhv edirlər. Nə qədər nümunəsi var ölkədə.
Rusiya belə deyil. Bəlkə ölkə böyükdür deyə, hər şeyi bir nəfər tam nəzarətə götürə bilmir, telefon operatorlarından tutmuş banklara qədər hər şeyi özününkü edə bilmir, bilmirəm. Amma hər halda insanlar ora məhz sərbəst şəkildə kiçik-orta işini qurub, pul qazana bildiyi üçün gedir, bunun da səbəbi orada iqtisadi azadlıqların Azərbaycanla müqayisədə az da olsa, mövcudıuğudur. Camaat ora dövlətdən yardım almaq üçün köçmür, öz fəaliyyəti ilə pul qazanmaq üçün köçür.
Başqa sözlə, hər şey məhz azadlıqla ölçülür. Baxın, Çin dünyanın ikinci böyük iqtisadiyyatıdır, sürətlə də inkişaf edir. Bir sıra məsələlərdə ABŞ və Avropanı ötməyi də bacarıb, amma siyasi, iqtisadi azadlıqlarda təbii ki, müqayisəolunmaz dərəcədə geridə qalır. Nəticə nədir? Minlərlə adi amerikalı, yaxud avropalı Çinə köç eləmir, amma Çindən Avropa və Amerikaya leqal və yaxud qeyri-leqal şəkildə köçənlər yüzminlərlədir. Köçün səbəbi rifahın ən vacib şərtinin məhz azadlıqların olmasıdır. Adamlar ən azı şüuraltı şəkildə rifahı azadlıqlarla əlaqələndirir.
Baxın, Çin məsələn, birtərəfli qaydada bütün Şengen ölkələri üçün vizanı götürüb, Bilir ki, avropalı gəlib Çində qeyri-leqal olaraq qalan deyil. Şengen ölkələri isə çinlilər üçün eyni addımı atmır. Məhz köç ehtimalına görə.
Müqayisə üçün deyim ki, mən heç bilmirdim, o gün bilmişəm ki, Azərbaycan hökuməti çinlilər üçün vizanı neçə ildir qaldırıb, amma azərbaycanlılar üçün Çin hələ qaldırmayıb. Niyə? Çünki bilir ki, azərbaycanlılar öz müsibətindən qaçmağa yer axtarır.