26 C
Bakı
21 İyun 2025 09:36
CəmiyyətGündəmHadisəMaraqlıŞikayətSiyasət

Siyasi məhbus Azər Qasımlının məhkəməsində QALMAQAL

Həbsdə olan siyasətçi Azər Qasımlıya qarşı iyunun 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təxribat törədilib.

Həyat yoldaşı Samirə Qasımlı Meydan TV-yə deyib ki, Azər Qasımlı bu barədə ona bu gün, iyunun 19-da məlumat verib:

“İyunun 17-də gecə Azərə məlumat veriblər ki, sabah (iyunun 18-də) məhkəməndir. O da elə bilib ki, xəbərimiz var və bu barədə bizə məlumat göndərməyib. İyunun 18-də günorta onu Ağır Cinayətlər Məhkəməsinə aparıblar. Məhkəməyə gəlib, görüb ki, zalda prokurorlardır və tanımadığı bir qadın oturub. Ona deyiblər ki, bu qadın sənin vəkilindir”.

 

Samirə Qasımlının sözlərinə görə, Azər Qasımlı qadını tanımadığını deyib və məhkəmənin təxirə salınmasını tələb edib:

“Azər deyib ki, bu, mənim məhkəməm ola bilməz. Nə ailəm, nə də vəkillərim burada deyil. Mən bu qadını tanımıram. Əminsiniz ki, bu, mənim vəkilimdir? Yoxlayın, bəlkə nəsə anlaşılmazlıq var. Onlar da bildiriblər ki, yox, bu qadın sənin vəkilindir. Azər də deyib ki, mən bu adamı birinci dəfədir görürəm. Bundan sonra həmin qadın orada özündən çıxıb və isterika yaradıb ki, siz məni təhqir edirsiniz. Azər də düşünüb ki, bu şəkildə məhkəmə keçirilirsə və bu qadın dayandığı yerdə isterika yaradırsa deməli, burada təxribat var. Azər bildirib ki, mən bu məhkəməyə etiraz edirəm və bu prosesdə iştirak etmək istəmirəm. Vəkillərim olmadığı halda məhkəməm keçirilə bilməz. Bundan sonra da prosesi təxirə salıblar. Qadının kimliyi bizə məlum deyil”.

 

Azər Qasımlının işi üzrə ilk məhkəmə prosesinin ailəsindən və vəkillərindən gizli keçirildiyi barədə Meydan TV-yə xanımı Samirə Qasımlı məlumat verib. Onun sözlərinə görə, hadisədən saytlarda yayılan məlumatlardan sonra xəbər tutub.

Hökümətyönlü saytlar isə yazıblar ki, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri iştirak etmədiyi üçün məhkəmənin hazırlıq iclası iyunun 25-nə kimi təxirə salınıb.

 

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.

Azər Qasımlı həbsinin siyasi sifariş, ittihamların isə qondarma olduğunu bildirib.

O, bundan əvvəl 2018-də kütləvi aksiyaya liderlik etdikdən sonra 30 gün müddətinə həbs edilmişdi.

 

Tacxeber.com

Oxşar xəbərlər

Nazir təyin olunan Vüqar Mustafayev KİMDİR? – DOSYE

redaktor

Deputat qadınların qar təmizləməsinə reaksiya: “Merkel evinin küçəyə çıxan hissəsinin qarını özü təmizləyib, amma…”

redaktor

800 min manatlıq tenderi generalın oğlu uddu.

admin