Şotlandiyada “NHS Grampian” səhiyyə qurumuna bağlı xəstəxanada əməliyyatlardan sonra baş verən ölümlər polis araşdırmasının predmetinə çevrilib. Qalmaqalın mərkəzində bəzi ölümlərin qarşısının alına biləcəyini göstərən hesabat dayanır.
Tacxeber.com “The Scottish Sun”a istinadən xəbər verir ki, araşdırma qaraciyər, öd kisəsi və öd yolları xəstəliklərinin müalicə olunduğu bölmə ilə bağlıdır.
ITV-nin məlumatına görə, Aberdin Kral Xəstəxanasında qaraciyər və mədəaltı vəzi əməliyyatları barədə 2022-ci ildə hazırlanmış hesabatda araşdırılan 31 ölüm hadisəsindən 19-nun qarşısının alına biləcəyi qənaətinə gəlinib.
Məsələni ictimailəşdirən cərrah doktor Həbib rəhbərliyin xəbərdarlıqlara vaxtında reaksiya vermədiyini iddia edib.
Şotlandiya hökuməti noyabrın 21-də narahatlıqlara və əvvəlki hesabatlara necə yanaşıldığını müəyyənləşdirmək üçün təcili, müstəqil araşdırma sifariş edib.
“NHS Grampian”ın rəhbəri Laura Skaif-Nayt araşdırmanı alqışlayaraq qaldırılan məsələlərin düzgün yoxlanıldığına və nəticələr üzrə tədbirlər görüldüyünə inam yaradılmalı olduğunu bildirib.
Polis araşdırması hələ kiminsə cinayət məsuliyyətinin müəyyənləşdirilməsi demək deyil. Hadisələrin səbəbləri və mümkün məsuliyyət araşdırılır.
