Bu ailənin tarixçəsində “Oskar”lıq Hollovud filmi üçün tələb olunan hər şey var – faciə, qəhrəmanlıq, alçaqlıqlar, cinayətlər və nəhayət, triumf. Onun tarixçəsindən bəzi epizodlara işıq salaq.
I nəsil (Cozef). Faciə və qəhrəmanlıq
Kuşnerlər əslən Belarusun Novoqrudok şəhərindəndirlər (Qrodno vilayəti). II DM-də Caredin nənəsi Raya Kuşner faşist gettosuna düşüb, 1943-cü ildə anası və böyük bacısı gettoda ölüb. Bundan sonra o, digər məhbuslarla birlikdə tunel qazaraq, əmək düşərgəsindən meşəyə qaçıb. Orada Bielski qardaşlarının partizan dəstəsinə qoşulub və burada gələcək əri Yossel (Yosef) Berkoviç ilə tanış olub.
Onlar 1944-cü ilin yayında Sovet Ordusu bölgəni azad edənə qədər bu dəstədə qalıblar. 1945-ci ildə evləniblər. Yossel ABŞ-a mühacirət etmələrini asanlaşdırmaq üçün arvadının soyadını götürüb. Ailə 1949-cu ildə ABŞ-a köçüb. Amerikada Yossel adını Cozef edib, dülgər kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər 4 minə yaxın mənzil və evə sahib olub. İndi Cared ondan miras aldığı biznesi daha da genişləndirərək, ölkə sərhədlərindən kənara çıxarıb.
II nəsil (Çarlz). Cinayət və diplomatiya
2004-cü ilin avqustunda Caredin atası Çarlz Kuşner vergi fırıldaqçılığında, Federal Seçki Komissiyasına yalan məlumat verməkdə və şahidi təqib etməkdə günahkar olduğunu etiraf edib. Sonuncu epizod xüsusilə maraqlıdır deyə ona aydınlıq gətirək.
Carlz bacısının federal prokurorlarla əməkdaşlıq etdiyini öyrəndikdən sonra bacısının ərini yoldan çıxarmaq üçün bir fahişə tutub. Onların cinsi əlaqəsini gizli şəkildə videoya çəkib və səs yazısını bacısına göndərib. Lakin bu şantajın da köməyi olmayıb. 2005-ci ilin mart ayında Çarlz Kuşner 2 il müddətinə həbs cəzasına məhkum edilib.
2009-cu ildə Cared İvanka Trampla evlənib. 2017-ci ildə ABŞ prezidentinin baş müşaviri olub. 2020-ci ilin dekabrında Tramp kürəkəninin atasını əfv edib (bu vaxt Çarlz 14 il idi ki azadlıqda idi, lakin onun məhkumluq statusu var idi – ABŞ qanunvericiliyinə görə prezident əfv fərmanı ilə bu statusu da ləğv edə bilər).
2025-ci ilin may ayında Tramp Çarlzı ABŞ-ın Fransadakı səfiri təyin etdi, Senat da onun namizədliyini təsdiqlədi.
III nəsil (Cared). Korrupsiya və siyasət
Qayınatasının ilk prezidentlik müddətindən sonra Cared Səudiyyə Ərəbistanı suveren fondunun $2 milyard vəsaitini idarə edən “Affinity Partners” investisiya şirkətini yaratdı (Təsəvvür edin: 0-dan yaradılan, heç bir reputasiyası olmayan şirkətə S.Ərəbistanı $2 milyard dövlət vəsaitini etibar edir!!!). Senatın Maliyyə Komitəsinin sənədlərinə görə, bu vəsaitin idarəedilməsinə görə illik komissiya 1,25%-dir. Başqa sözlə, Cared yalnız bir investordan ildə $25 milyon qazanır. Bildiyiniz kimi, bu şirkət başıbəlalı Qəzzanın Trampın “əyləncə və istirahət səltənətinə” çevrilməsində həlledici rol oynalamalıdır.
Hazırda Konqres Caredin fəaliyyəti nümunəsində Amerika xarici siyasətinin harada bitdiyi və ailə biznesinin harada başladığı məsələsini araşdırmağa başlayıb. Amma bu araşdırma onsuz da faydasız olacaq. Çünki ABŞ-da, elə bəlkə bütün dünyada böyük sərvət sahibləri həbs olunmurlar (əlbəttə, mövcud hakimiyyəti zorla devirməyə çalışmasalar), təsadüfən həbs olunsalar da az sonra əfv edilirlər.
