ABŞ-nin “Vanity Fair” nəşrində Donald Trampın kürəkəni Cared Kuşnerlə əlaqələndirilən hesablara Azərbaycan bankları vasitəsilə iri məbləğlərin köçürüldüyü barədə iddialar dərc olunub. Kuşnerin nümayəndələri bu iddiaları rədd edirlər.
Tacxeber.com “Açıq Azərbaycan”a istinadən xəbər verir ki, jurnalist Metyu Koulun araşdırması oktyabrın 22-də yayımlanıb və Trampın ilk prezidentliyi dövrünə aid əməliyyatlardan bəhs edir.
Araşdırmaya əsasən, BƏƏ və Səudiyyə Ərəbistanından gələn təxminən 750 milyon dollar Azərbaycandakı adı açıqlanmayan bank vasitəsilə BƏƏ-də xeyriyyə təşkilatına məxsus hesaba göndərilib. Müəllif Kuşnerin həmin hesab üzrə imza səlahiyyətinə malik olduğunu iddia edir.
Digər iddiaya görə, 2018-ci ilin yazınadək BƏƏ tərəfi Kuşner üçün Azərbaycan vasitəsilə İsrailə təxminən 1 milyard dollar köçürüb. Bu iki məbləğin cəmi 1,75 milyard dollardır.
Burada Azərbaycanın həmin vəsaiti öz büdcəsindən ayırdığı deyil, banklarından köçürmələr üçün vasitəçi kimi istifadə olunduğu iddia edilir.
Kuşnerin vəkili onun BƏƏ-dəki təşkilat və hesabla əlaqəsini inkar edib, qanunları pozmadığını bildirib. Hüquq müşaviri İsraildə Kuşner üçün açıldığı deyilən hesabın mövcudluğunu da təkzib edib.
