DünyaSiyasət

Dünən susan dillər, bu gün nərildəyən mikrofonlar…

Azərbaycanda sosial şəbəkələrdə, internet qəzetlərində və özəl internet televiziyalarında Paşinyanı təhqir etmək yarışı gedir…

Sanki kimin daha çirkin ifadə işlədəcəyi uğrunda müsabiqə keçirilir…

Amma bir sual məni çox düşündürür, necə olur ki, 30 il ərzində Qarabağımız və ətraf rayonlarımız işğal altında saxlanılarkən Köçəryan-Sarkisyan cütlüyünə qarşı bu günkü qədər cəsarət nümayiş etdirənlər olmadı…

Niyə onda bu mikrofonlar belə gurultulu işləmirdi? Niyə həmin “vətənpərvərlik” tribunaları susqunluğa qərq olmuşdu?..

İşğal illərində Avropada keçirilən tədbirlərdə erməni diplomatlarının qarşısında bizim diplomatlarımızın necə çəkingən və məzlum göründüklərinin dəfələrlə şahidi olmuşam.

Mitinqlərdə şəxsən məndən Rusiyanın əleyhinə sərt danışmamağı dönə-dönə xahiş edərdilər. Mən isə onların bu xahişlərinə “əməl edərək” Rusiyanı Xocalı qətliamının təşkilatçısı adlandırıb bürün cinayətlərin qeyd edərdim.

Bir vaxtlar elə beynəlxalq forumlarda başıaşağı gəzərdik. Məğlub xalqın övladları kimi utanır, yaşadığımız acı reallıqla üzülərdik…

İllər əvvəl Azərbaycanın əleyhinə çəkilmiş bir filmin Amsterdamda təqdimatı Benilüks ölkələrində yaşayan qeyrətli soydaşlarımızın ciddi etirazına səbəb olmuşdu. Gərginlik o həddə çatmışdı ki, zalda qarşıdurma hər an əlbəyaxa savaşa çevrilə bilərdi…

O vaxt Benilüks ölkələrində səfirliyimiz yalnız Belçikada fəaliyyət göstərirdi. Səfirliyin birinci katibi Fuad Hümbətov sankı diplomat olduğunu bir anlıq unudaraq ermənilərlə qarşıdurmaya bizimlə birgə qoşuldu. Nəticədə, hamımızın birgə səyi ilə filmin nümayişinin qarşısını ala bildik.

Təəssüf ki, həmin filmin çəkilişində məsləhətçi qismində iştirak edən bəzi “soydaşlarımız” da var idi. Onlar öz xalqının deyil, düşmən tərəfinin yanında dayanmışdılar…

Bunlar yaddaşımızda qalan acı xatirələrdir…

Bu gün isə başımızı dik tutaraq gəzirik. Artıq məğlubiyyətin deyil, Zəfərin övladlarıyıq. Amma bir həqiqəti də unutmamalıyıq, bizə yenə də sülh lazımdır. Çünki qazandığımız Zəfərin ən böyük bəhrəsi gələcək nəsillərin müharibəsiz, təhlükəsiz və firavan yaşamasıdır.

Paşinyan döşündə “Real Ermənistan” ın xəritəsini əks etdirən rəmzi gəzdirir. Təklif etdiyi yeni Konstitusiya layihəsində isə 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadı aradan qaldırır. Həmin sənəddə Qarabağın Ermənistana birləşdirilməsi və “Qərbi Ermənistan” ideyaları ilə əlaqəli müddəalar yer alırdı. İndi onlar hamısı aradan qalxaraq sülhə doğru addımlayırıq.

Bu addımlarına görə Ermənistanın revanşist müxalifəti Paşinyana qarşı çıxır. Bəs biz Paşinyandan nə istəyirik? Onun yerində yenidən Köçəryan-Sarkisyan cütlüyünü görmək istəyirikmi? Yoxsa regionda sülhə real imkan yaradan siyasi xəttin davam etməsinimi?

Əgər məqsədimiz Azərbaycanın ərazi bütövlüyünün tanınması, qarşılıqlı ərazi iddialarından imtina və davamlı sülhdürsə, onda gəlin, təhqirlərlə deyil, siyasi reallıqlarla danışaq.

İndi isə mənzərə tam başqadır. Paşinyan regionda sülhdən danışır, bizim bəzi jurnalistlərimiz isə onun ünvanına təhqir yağdırmaqda bir-biri ilə yarışa giriblər…

Adamda istər-istəməz sualı yaranır: Nə olub?

Köçəryan-Sarkisyan dövrü üçün darıxmısınız?

Sizi narahat edən Paşinyanın şəxsiyyəti, yoxsa regionda sülh ehtimalıdır? Məgər jurnalistikanın missiyası təhqir yağdırmaqdır, yoxsa cəmiyyəti düşündürmək, baş verənləri təhlil etmək?

Vətənpərvərlik düşmənə söyüş söyməklə ölçülmür. Əsl prinsipiallıq hakimiyyətdə kimin olmasından asılı olmayaraq, həqiqəti deməkdir. Dünən susub bu gün nərildəmək nə cəsarətdir, nə də jurnalistika!

Bir az siyasi yaddaş, bir az peşəkar ləyaqət, bir az da tarixi müqayisə aparmaq lazımdır.

Unutmayaq!

Sülhə qarşı çıxmaq vətənpərvərlik deyil. Qələbəni qorumaq, gələcəyimizi müharibədən xilas etmək də vətənə xidmətin ən mühüm formalarından biridir.

 

Elman Mustafazade

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna Silahlı Qüvvələri Rusiyada iki böyük müəssisəyə zərbə endirib

redaktor

Rauf bəy, Zəfərə görə İlham Əliyevin qarşısında ehtiramla baş əyirəm. Bəs qalib xalq necə yaşayır?

redaktor

Marqus Tsaxkna: “Estoniyanın Azərbaycandan öyrənəcəyi çox şey var”

redaktor