Baş nazir İrakli Kobaxidze Gürcüstan və Rusiya nümayəndələri arasında növbəti görüşlərin Tbilisi və Moskvada keçirilməsinin mümkün olduğunu təsdiqləyib.
Kobaxidzenin sözlərinə görə, Moskvaya Gürcüstanın xarici işlər nazirinin birinci müavini deyil, Baş nazirin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi səfər edəcək.
Baş nazir bildirib ki, görüşlərin Moskva və Tbilisidə keçirilməsi heç bir risk yaratmır və bunun Rusiya ilə diplomatik münasibətlərin bərpası ilə əlaqəsi yoxdur.
Kobaxidzenin sözlərinə görə, görüşlərin növbəli şəkildə hər iki şəhərdə keçirilməsi prinsipial əhəmiyyət daşıyır:
“Bu görüşlər, əlbəttə ki, Moskva və Tbilisidə keçirilə bilər. Əgər belə bir yanaşma olacaqsa, görüşlərin növbəli şəkildə Moskva və Tbilisidə təşkili prinsipial baxımdan vacibdir.
Burada əsas məsələ prinsiplərə riayət etməkdir. Bu prinsiplərin qorunması baxımından həlledici məqam Moskvaya xarici işlər nazirinin birinci müavininin deyil, Baş nazirin xüsusi nümayəndəsinin səfər edəcəyidir.
Görüş formatı, məsələn, tanınma məsələsi və ya hər hansı digər istiqamətdə müəyyən risklər yaratmamalıdır. Moskva və Tbilisidə belə görüşlərin keçirilməsi heç bir risk yaratmır.
Əsas odur ki, heç bir jest tanımama siyasətinə kölgə salmasın. Nə Moskvada bayraqların yerləşdirilməsi, nə də görüşlərin Moskva və Tbilisidə keçirilməsi tanımama prinsipinə ziddir”, – deyə Kobaxidze bildirib.
Baş nazir, həmçinin Moskvada Gürcüstan bayrağının dalğalandırılmasını “əla hadisə” adlandırıb. (24Newsge)
