Azərbaycanda siyasətçiyə verilən ilk suallardan biri budur, sən Rusiyaya yaxınsan, yoxsa Qərbə? Məncə, ondan əvvəl veriləsi bir sual var. Sənin hakimiyyətin dövründə vətəndaş necə yaşayır və səndən narazı qalanda səni seçki yolu ilə dəyişə bilirmi? Gəlin Cənubi Qafqazın üç ölkəsinə bu gözlə baxaq.
Ermənistanda Nikol Paşinyan 2018-ci il mayın 8-də, korrupsiyaya və Serj Sarkisyanın hakimiyyətdə qalmasına qarşı kütləvi etirazlardan sonra baş nazir seçildi. Bir tarixi detal vacibdir. Paşinyan o vaxt Moskvanı əmin edirdi ki, Ermənistanın xarici siyasətini kökündən dəyişmək niyyəti yoxdur. Qərblə yaxınlaşma sonrakı illərdə onun hökumətinin açıq siyasi kursuna çevrildi. 2026-cı ilin iyun seçkisində Paşinyanın partiyası parlamentdəki 105 yerdən 64-nü qazandı. Müxalifətə 41 mandat düşdü. Bu, parlamentin 39 faizidir.
Gürcüstanda sərvətini Rusiyada qazanmış milyarder Bidzina İvanişvilinin «Gürcü Arzusu» koalisiyası 2012-ci ilin oktyabrında qərbyönlü Mixeil Saakaşvilinin partiyasına parlament seçkisində qalib gəldi. O hadisənin Azərbaycan üçün ən maraqlı tərəfi budur ki, Saakaşvili məğlubiyyətini etiraf etdi və rəqibi hökumət qurdu. Bugünkü Gürcüstanın demokratik vəziyyəti isə xeyli ağırlaşıb. 2024-cü il seçkisinin rəsmi nəticəsinə görə, müxalifət 150 yerdən 61-ni, yəni 40,7 faizini qazanmışdı. Sonradan üç müxalif qüvvənin öz müraciəti əsasında 49 mandat ləğv edildi. Dördüncü qüvvə boykotu dayandırıb 12 yerini tutdu. Deməli, bu gün 150 yerlik parlamentdə müxalifətin tutduğu pay 8 faizdir. Avropa Komissiyasının son hesabatı da ölkədə siyasi rəqabətin ciddi təzyiq altında olduğunu göstərir.
İndi gələk Azərbaycanda daha az müzakirə olunan müqayisəyə. Dünya Bankının məlumatına görə, 2025-ci ildə real iqtisadi artım Gürcüstanda 7,5 faiz, Ermənistanda 7,2 faiz, Azərbaycanda isə 1,4 faiz olub. 2026-cı ilin ilk doqquz ayında da sıra dəyişməyib. Gürcüstanda artım 7,4 faiz, Ermənistanda ilkin rüblük göstəricilər əsasında təxminən 5,9 faiz, Azərbaycanda 1,5 faiz təşkil edib. Azərbaycan Statistika Komitəsinin öz rəqəmlərinə görə, həmin dövrdə neft-qaz sektorunda 1,2 faiz azalma olub, qeyri-neft-qaz sektoru isə 2,6 faiz böyüyüb. Yəni hətta qeyri-neft sektorundakı artım da hər iki qonşunun ümumi iqtisadi artımından geri qalıb.
Azərbaycanda İlham Əliyev 2003-cü ildən prezidentdir. «Milli hakimiyyət» iddiasının ən sadə sınaqlarından biri Milli Məclisin özüdür. 2024-cü il seçkisindən sonra parlamentdə rəsmən 11 partiya təmsil olundu. Bəs Əli Kərimlinin AXCP-si ilə Müsavatın birlikdə neçə deputatı var? Sıfır. ATƏT-in müşahidəçiləri seçkinin həqiqi siyasi alternativlər təqdim etmədiyini qeyd ediblər. Müstəqil jurnalistlərə qarşı təqibləri “Human Rights Watch”, məhkəmələrin siyasi hakimiyyətdən asılılığını isə Bertelsmann Fondunun 2026-cı il hesabatı sənədləşdirib. Belə şəraitdə vətəndaşın neft gəlirlərinin necə bölüşdürüldüyünü soruşmaq, cavab tələb etmək və aldığı cavab onu qane etməyəndə seçki ilə dəyişiklik etmək imkanı nə qədərdir?
Mənim bu müqayisədən çıxardığım nəticə sadədir. Gürcüstanın yüksək artımı orada müxalifətə göstərilən təzyiqə bəraət qazandırmır. Ermənistanın Qərbə yaxınlaşması da öz-özlüyündə hər erməni ailəsinin güzəranını yaxşılaşdırmır. Azərbaycanda isə «milli maraqlar» ifadəsini nə qədər təkrarlasaq da, açıq qalan sual budur: Nefti, qazı, bu qədər imkanı olan ölkənin iqtisadiyyatı niyə hər iki qonşusundan belə geri sürətlə böyüyür və niyə bunu hökumətin üzünə deyəsi əsas müxalifət partiyalarının parlamentdə bircə yeri də yoxdur?
Mənim üçün faciə bir siyasətçinin Moskvaya yaxın olması deyil. Faciə odur ki, vətəndaş öz sərvətindən ona nə pay düşdüyünü soruşanda cavab ala bilmir, seçki günü gələndə də həmin cavabı verməli olan hakimiyyəti dəyişməyə gücü çatmır. Hakimiyyətin nə qədər milli olduğunu bilmək istəyirsinizsə, öz millətinə nə qədər söz haqqı verdiyinə baxın…
