ABŞ Federal Rabitə Komissiyası — FCC “SpaceX” şirkətinə kosmosda məlumat emalı üçün bir milyonadək peykdən ibarət şəbəkə yerləşdirməyə icazə verib.
Tacxeber.com “Spaceflight Now”a istinadən xəbər verir ki, noyabrın 25-də təsdiqlənən “Starmind” layihəsi süni intellekt sistemlərinin artan hesablama tələbatını qarşılamağı hədəfləyir. Peyklər Yer üzündə istifadə olunacaq məlumatların orbitdə emalı üçün nəzərdə tutulur.
Lisenziyaya əsasən, ilk peyk ən gec 2033-cü il noyabrın 25-dək fəaliyyətə başlamalıdır. Şəbəkənin yarısının 2038-ci, tam tərkibinin isə 2040-cı ilin noyabrınadək yerləşdirilməsi tələb olunur.
Lakin qərar astronomların etirazına səbəb olub. Amerika Astronomiya Cəmiyyəti bu miqyasda peyk şəbəkəsinin gecə səmasını dəyişdirərək elmi müşahidələrə mane ola biləcəyindən narahatdır. Peyklərin istismar müddəti bitdikdən sonra təhlükəsiz şəkildə uzaqlaşdırılması da layihənin mühüm məsələlərindəndir.
İcazənin verilməsi bir milyon peykin artıq buraxıldığı demək deyil. Şirkətin nəzərdə tutulan maksimum sayın hamısını orbitə çıxarıb-çıxarmayacağı hələ məlum deyil.
