Tovuz rayonundakı Göytəpə Neolit yaşayış məskənində aparılan araşdırmalar zamanı bir-birinə yaxın yerləşən 10 qədim saxlanc qurğusu qeydə alınıb. Onların vahid anbar kompleksinin hissələri olduğu ehtimal edilir.
Tacxeber.com xəbər verir ki, tapıntı barədə noyabrın 26-da Hindistanın “The Times of India” nəşri də yazıb.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun hesabatına əsasən, qurğular 2026-cı il qazıntı mövsümündə sənədləşdirilib. Onların bir kompleks kimi yerləşməsi qədim sakinlərin təsərrüfat fəaliyyətinin necə təşkil olunduğunu araşdırmağa imkan verir. Anbarların tam açılması növbəti tədqiqat mərhələsinə saxlanılıb.
Təxminən 8 min il yaşı olan Göytəpə bölgədə erkən əkinçi icmaların həyatını öyrənmək üçün mühüm abidələrdən sayılır. Əvvəlki qazıntılarda burada bir-birini əvəz edən 14 məskunlaşma mərhələsi müəyyənləşdirilib.
Yeni araşdırmaların qədim icmanın yaşayışını, tikinti ənənələrini və ərzaq ehtiyatlarının saxlanması üsullarını daha aydın təsəvvür etməyə kömək edəcəyi gözlənilir.
