İstanbulda məşhur şəxsləri əhatə edən istintaq çərçivəsində müğənni və aktyor Özcan Deniz, aktrisa Deniz Çakır da daxil olmaqla 23 nəfər saxlanılıb.
Tacxeber.com “Memurlar.net”ə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğunun apardığı araşdırma üzrə ümumilikdə 35 şübhəli barədə saxlanılma qərarı verilib. Noyabrın 25-i səhər yayımlanan məlumata görə, onlardan 23-ü saxlanılıb.
Siyahıda aktrisa Burcu Özberk, Murat Başoğlu və digər tanınmış şəxslərin də adları var.
Prokurorluğun açıqlamasına əsasən, istintaq narkotik vasitələrin istifadəsi, saxlanılması, təmin edilməsi və ticarəti, həmçinin fahişəliklə bağlı ehtimalları araşdırır. Yeni qərarlar şahid ifadələri, telefonlar və digər rəqəmsal materiallar üzrə ekspertiza nəticələri əsasında qəbul edilib.
Açıqlamada son saxlanılma qərarlarının narkotik istifadəsi və ya saxlanılması şübhəsi ilə əlaqəli olduğu bildirilib. Ayrı-ayrı şəxslərə hansı əməllərin aid edildiyi detallı açıqlanmayıb. İstintaq davam edir.
