Həə… əziz oxucum, yunan filosofu Aristotelin təbirincə desək, bəzi insanlar lap əvvəldən — doğularkən tabeliyə, köləliyə meyilli olaraq dünyaya gəlir.
Yəni, bu kimi bir çox mənəvi-psixoloji travmalar, amansız aşınmalar, hətta deyərdim ki, dissosiativ şəxsiyyət pozuntusu insanın yaradılışından, bünövrəsindən cücərməyə başlayan eybəcərliklərdir… Ki, zaman keçdikcə “mühit” və “şəraitin” diqtəsi ilə, eləcə də azacıq fürsət tapınca özünü hansısa “şəkildə” ortaya qoyur…
Çox da vaxt itirmədən SÖZümün mətləbinə keçib, deyim ki… haqqında bəhs edəcəyim “sınmış subyekt” effektinin sahibi olan Qəşəm Nəcəfzadə həzrətləri də məhz o tərkiblilərdən, qul mahiyyətlilərdəndir. Şübhəsiz ki, tanıdınız!.. İllərdir ki, Tanrının alnını xəcalət tərilə görüşdürən Nəcəfzadə Qəşəmi deyirəm — hər addımda dar ağacını qucaqlaya-qucaqlaya mürgü vurmağı vərdiş edən təbiətinin, xarakterinin (hətta yerişinin!) “kodunda” itaətkarlığı, bütpərəstliyi, kölə psixologiyasını diri saxlayıb, edam kötüyünü and yerinə çevirən, dişlərinin güllə zədəsindən ütülənmiş surətinəcən mütiləşmiş bir ömrü yaşamaqdan usanmayan makiavellist Nəcəfzadə Qəşəmi!
Daim qanlı ləpirlərin kölgəsinə sığınan, çörəyinin arasındakı qaralıqlardan diksinən həmin bu konformist adam indi də efir məkanından qayıdasan ki:
“Cəmiyyətimizdə şairin nüfuzu yoxdur…”
Doğrudur, bu mövzuya üz tutmağına, toxunmağına çox yaxşı edib, üz tutur, toxunur, amma və lakin (varlığındakı öfkəsizlikdən və vicdan mexanizminin yoxsulluğundan!) məlum cümləsini redaktə edib, deyə bilmir ki (hansı ki, deməlidir, heç olmasa, ömrünün bu vədəsində utana-utana etiraf etməlidir ki!):
“Elə Qəşəm Nəcəfzadələrin ucbatından, elə Qəşəm Nəcəfzadələrin timsalında, şəxsində cəmiyyətimizdə şairin, yazıçının nüfuzu yoxdur…”
… Məgər bilmirdin(iz)mi ki, bu məmləkətdə diktator prinsipli Anarların gözlərinin içinə dik baxmaqdan vaz keçib (və ya diktator prinsipli Anarların gözlərinin içinə dik baxmağa gücü çatmayıb da) ayaqqablarının rəngi ilə sirdaşlıq edəndə şairin, yazıçının nüfuzu olmayacaq…
Məgər bilmirdin(iz)mi ki, bu məmləkətdə ruhsal azadlığa divan tutub, siyasi, ictimai, kütləvi konyukturaya səcdə etməyin yolların əzbərləyəndə (məddah kürsüsündən əzbərlədiyini icra edəndə!), “rəhbərə salam”lardan boylananda şairin, yazıçının nüfuzu olmayacaq…
Məgər bilmirdin(iz)mi ki, bu məmləkətdə ağ işığın taleyinə tüpürüb, “maraq”, mənfəət güdükçüsünə çevriləndə, büsbütün ədəbi, ilahi, ictimai, insani, əxlaqi həqiqətləri, dəyərləri qılıncdan keçirdəndə (və ya keçirilməsinə şərait yaradanda, şahidlik edəndə, edib də boyun bükəndə!) şairin, yazıçının nüfuzu olmayacaq…
Məgər bilmirdin(iz)mi, ay ölkəsinin (istedadı olub, üstün adı olmayan) Qəşəm Nəcəfzadəsi?
… İnsan övladının (əlaxüsus da şairin, yazıçının, jurnalistin… fikir adamının!) gərək surəti, missiyası, varoluş fəlsəfəsi zalımın taxcasında güllə qundağına çevirilməsin, yoxsa Tanrı da Qəşəm Nəcəfzadələrin xislətini yaratmağı tərgitməyəcək, təbiət də, heç saat əqrəbləri də!
