“Qalatasaray” prezidenti Dursun Özbək azarkeşlərin Fələstinə dəstək pankartlarına görə İsrailin baş naziri Benyamin Netanyahunun klubu UEFA-ya şikayət etdiyini bildirib.
Tacxeber.com “Habertürk”ə istinadən xəbər verir ki, Özbək HT Spor-a açıqlamasında klubun Fələstin xalqına dəstəyini davam etdirəcəyini vurğulayıb. O, bu mövqeyi siyasi deyil, humanitar və vicdani yanaşma kimi qiymətləndirib.
“Qalatasaray” azarkeşləri “Aston Villa” ilə qarşılaşmada da Fələstinə dəstək pankartları nümayiş etdiriblər.
Məsələ ilə bağlı UEFA-ya müraciət edən “The Athletic”in məlumatına görə, qurum İsrail hökumətindən şikayət alıb-almadığını açıqlamayıb. Bununla belə, UEFA Fələstin bayraqları və təsvirlərinin nümayişini özlüyündə təxribat hesab etmədiyini, bu səbəbdən onların stadionlarda göstərilməsinə görə intizam cəzası tətbiq olunmadığını bildirib.
Beləliklə, Netanyahunun şikayət etməsi klub prezidentinin iddiası olaraq qalır. Materialda İsrail hökumətindən də mövqe istənildiyi, lakin cavab gözlənildiyi qeyd olunur.